“Kommersant” qəzeti Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumatlara istinadən yazır ki, fevralda Rusiyaya ixrac 33 faiz azalıb. Qəzet sual verir ki, “Türkiyə paralel ixracatın mərkəzi ola biləcəkmi?”.
Hafta.az-ın yazdığına görə, “Optimalog”dan Georgi Vlastoplulo cavabın “yox” olduğunu düşünənlər arasındadır. Vlastopulo xatırladır ki, yanvar ayından etibarən sanksiyaya məruz qalmayan məhsullar istisna olmaqla, bütün transsərhəd ödənişlər bloklanıb. Logistika şirkətinin nümayəndəsi bildirib ki, Avropa İttifaqı (Aİ) və ABŞ-ın nəzarəti gücləndirməsi ilə paralel olaraq Türkiyədən idxal da azalmağa davam edəcək.
Bununla belə, “Kommersant” qəzeti TÜİK-in açıqladığı məlumatlarda “Məxfi ölkə” xəttinin olduğuna diqqət çəkir. Bu xətt üzrə ixrac 2022-ci ilə qədər 0 idisə, indi aylıq olaraq 100 milyon dolları keçib.
Bloomberg Economics-dən Aleksandr İsakov da Türkiyənin Rusiyaya birbaşa ixracının azaldığını, lakin yanvar ayından Qazaxıstan və Gürcüstana ixracının artmağa başladığını bildirib. Qazaxıstan, Gürcüstan, Belarus, Ermənistan və Tacikistanla ümumi ticarət dövriyyəsinin ayda 300 milyon dollar səviyyəsində olduğunu bildirən İsakov bu həcmin Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin azalmasına uyğun gəldiyinə diqqət çəkir.