“Türkiyə Qazaxıstan məsələsində aktiv və qətiyyətli siyasət yürütməlidir” – Ünvər Sel

20:20 06.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazaxıstanın təhlükəsizliyi bütün türk dünyasının təhlükəsizliyi deməkdir. Son günlər qardaş ölkədə meydana gələn hadisələr türk dünyası tərəfindən böyük diqqətlə izlənilir. Prezident Kasım-Jomart Tokayev bildirir ki, xaricdən idarə olunan terror qrupları Qazaxıstanda xaos yaratmağa çalışır. Əslində isə ABŞ və NATO-nun Qara dənizdən Çinədək uzanan geniş coğrafiyada həyata keçirdiyi fəaliyyətlər türk dünyası üçün açıq təhlükə halını almaqdadır. Türk dünyasına daxil olan ölkələrin təhlükəsizliyini, sabitliyini və müstəqilliyini təhdid edən planlar Türkiyə başda olmaqla, bütün bölgə xalqlarına zərər verməkdədir”.

Hafta.az-ın yazdığına görə, bu fikirləri Krım Tatar Mədəniyyət Dərnəkləri Federasiyasının və Krım İnkişaf Vəqfinin sədri Ünvər Sel səsləndirib. Onun sözlərinə görə, Qazaxıstanın təhlükəsizliyi Qara dənizin, türk boğazlarının, Xəzər hövzəsinin və bütün türk dünyasının təhlükəsizliyi mənasına gəlir. Bu səbədən də 7 oktyabr 2002-ci ildə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Ermənistan tərəfindən yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prezident Kasım-Jomart Tokayevin çağırışı ilə proseslərə müdaxilə edib. “Türkiyə də Sovetlər Birliyi dağılarkən buraxdığı səhvləri təkrarlamamalı, aktiv üzvü olduğu Türk Dövlətləri Təşkilatı ilə koordinəli şəkildə hərəkət edərək, bütün bu proseslər qarşısında tam və qətiyyətli siyasət yürütməlidir” deyən Ü.Sel əlavə edib ki, bu məqsədlə Krım tatarları və bütün türk dünyası son anadək qardaş qazax xalqının yanında olacaq.