Türkiyə hökuməti aztəminatlı əhalinin sosial yükünü azaltmaq məqsədilə xalq tərəfindən alqışlanan addım atır.
Hafta.az-ın yazdığına görə, hakim AKP-nin Böyük Millət Məclisinə təqdim etdiyi qərar layihəsinə əsasən əhalinin dövlətə olan 2 min lirəyədək (təxminən 190 manat) olan işıqpulu borcu silinəcək. 2 min lirədən artıq elektrik borcları isə yenidən strukturlaşdırılacaq.
Bundan əlavə, 31 dekabr 2012-ci il tarixindən əvvəl Türkiyədə yaşamaq icazəsi almış, xarici dövlətin qanunvericiliyi ilə sığortası olmayan əcnəbilər, başqa ölkədə tibbi sığortadan yararlanmaq hüququ olmayan vətəndaşlar, Sosial Xidmətlərin müddəalarına uyğun olaraq müdafiə, qulluq və reabilitasiya xidmətlərindən pulsuz yararlanan şəxslər və 18 yaşından kiçik hər iki valideynini itirmiş Türkiyə vətəndaşlarından ümumi tibbi sığorta haqları alınmayacaq.