Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı və birinci rüb xarici ticarət məlumatlarının həcmini açıqlayıb. Buna uyğun olaraq ilk rübdə ixracat 3,6 faiz artıb, idxal 12,8 faiz azalıb. Xarici ticarət kəsiri 41 faiz enib.
Hafta.az-ın TÜİK məlumatlarına istinadən yazdığına görə, Türkiyənin mart ayında ixracatı əvvəlki ilin eyni ayına görə 4,1 faiz azalaraq 22 milyard 571 milyon dollar olub. İdxal da 6,3 faiz azalaraq 29 milyard 912 milyon dollara düşüb. Birinci rüb nəzərə alındıqda, ixracat 3,6 faiz artaraq 63 milyard 603 milyon dollara çatıb, idxal isə 12,8 faiz azalaraq 83 milyard 945 milyon dollara enib. Xarici ticarət kəsiri 12,8 faiz azalaraq 20,3 milyard dollar olub.
Mart ayında enerji məhsulları və qızıl xaric xarici ticarət kəsiri 2 milyard 16 milyon dollar olub. İxrac-idxalın əhatə dairəsi 91,2 faiz təşkil edib.
Mart ayında ən çox ixrac 1 milyard 749 milyon dollarla Almaniyaya edilib. Almaniyanı 1 milyard 288 milyon dollarla İtaliya, 1 milyard 265 milyon dollarla ABŞ, 1 milyard 189 milyon dollarla İraq, 1 milyard 172 milyon dollarla Böyük Britaniya izləyib.
Birinci rübün göstəricilərinə baxsaq, Almaniya yenə zirvədə idi. Almaniyaya ixracat 3 aylıq dövrdə 5,23 milyard dollara çatıb. 3 aylıq dövrdə ən çox ixracat edilən ölkələr ABŞ, İtaliya, İraq və Böyük Britaniya olub.
Mart ayında idxalda birinci yeri Çin tutub. Martda Çindən 3,9 milyard dollarlıq məhsul idxal edilib. Rusiya ikinci, Almaniya üçüncü, İtaliya dördüncü, ABŞ isə beşincidir. Üç aylıq dövr baxımından ən çox idxal edilən ölkə Rusiya olub.