Türkiyədə seçkiyə qatılan partiya cəmi 3 səs topladı

09:05 02.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Martın 31-də Türkiyədə keçirilən yerli seçkilərdə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası – CXP səslərin 37,76 faizini alaraq birinci olsa da, heyrətedici dərəcə az səs toplayan siyasi partiylar da adlarını tarixə yazdırdılar.

Hafta.az-ın yazdığına görə, Bolunun Mudurnu rayonunda bələdiyyə başqanlığına namizəd irəli sürən Güc Birliyi Partiyası sakinlərdən gözlədiyi diqqəti görməyib. Məlumata görə, Güc Birliyi Partiyasının namizədi Mustafa Doğramacı cəmi 3 səs toplayıb.

Araşdırmaçı Mərt Uzunsoy Güc Birliyi Partiyasının aldığı səsin Türkiyədə ilk dəfə olaraq bir partiyanın aldığı ən aşağı səs kimi qeyd edildiyini bildirib.

Uzunsoy deyib: “Seçki məlumatlarını bir çox aspektdən nəzərdən keçirib təhlil edəcəyik, amma əvvəlcə ən maraqlı məlumatlardan birini paylaşım. Yalnız Mudurnuda seçkiyə qatılan Güc Birliyi Partiyası cəmi 3 səs toplayıb və cümhuriyyət tarixində seçkilərdə ən az səs toplayan siyasi partiya olub”.