Türkiyədə zəlzələdən zərərçəkmişlər üçün Hindistanda yardım kampaniyası başladılıb

10:05 12.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə dünyanın hər yerində olduğu kimi, Hindistanda da yardım aksiyası davam edir.

Hafta.az-ın yazdığına görə, Türkiyənin Dehlidəki səfirliyinə hər gün çox sayda Hindistan vətəndaşı zəlzələdən zərərçəkmişlər üçün humanitar yardım gətirir. Səfirlik bildirir ki, Hindistan vətəndaşlarının topladığı yardım bağlamaları yaxın vaxtlarda təyyarə ilə Türkiyəyə çatdırılacaq. 

Qeyd edək ki, təbii fəlakətin yaşandığı ilk gündən üzübəri Hindistan Hərbi Hava Qüvvələrinin 5 təyyarəsi ilə Türkiyəyə 250 nəfərdən çox şəxsi heyət, xüsusi avadanlıq və 135 tondan çox digər yardım vasitələri göndərilib.

Bura axtarış itləri, xüsusi avadanlıq, nəqliyyat vasitələri və ləvazimatlarla yanaşı, 150 nəfərdən çox xüsusi təlim keçmiş şəxsi heyətdən ibarət Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin (NDRF) üç qrupu da daxildir. Onların avadanlığı çökmüş tikililərin altında qalan insanları aşkarlamağa, yerini təyin etməyə və onları dağıntıların altından çıxarmağa imkan verir.

Bundan əlavə, Hindistan Ordusunun 30 çarpayılıq səhra xəstəxanasının quraşdırılması üçün şəxsi heyət və qurğular göndərilib. Bura zəruri dərman vasitələri, qabaqcıl avadanlıq, nəqliyyat vasitələri və təcili yardım maşınları olan 99 nəfərlik xüsusi təlim keçmiş şəxsi heyət daxildir. Xəstəxanada tam funksional əməliyyat otağı, eləcə də rentgen və süni nəfəs aparatları və sair mövcuddur.