Türkiyədəki fransız məktəbləri iki ölkə arasında böhran yaradıb

09:32 15.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli təhsil naziri Yusif Təkin deyib ki, Fransanın Türkiyədəki fransız məktəblərinin statusu ilə bağlı iki ölkə arasındakı böhranda “mövqeyini” pisləyib.

Hafta.az-ın yazdığına görə, nazir Təkin, Fransa məktəblərinin statusu ilə bağlı Ankara ilə Paris arasında davam edən danışıqlar barədə bunları deyib: "Problemin həlli üçün ikitərəfli razılaşmaya ehtiyac var, amma bunu belə istəmirlər. Qısacası təkəbbürlüdürlər. Ona görə də hələ həll yolu tapılmayıb. Bu məktəblər diplomatik nümayəndəliklərdə çalışanların övladları üçün yaradılıb, lakin türkiyəli tələbələri də qəbul etməyə başlayıblar. Bu, qanuna ziddir".

Fransanın Ankaradakı səfirliyi cümə günü tələbələrin valideynlərinə göndərdiyi məktubda türk tələbələrin əksəriyyətinin olduqları İstanbul və Ankaradakı fransız məktəblərinə “2024-2025-ci tədris ilindən başlayaraq” qeydiyyatdan imtina edilə biləcəyi barədə xəbərdarlıq edib.

Mübahisənin əsası Ankaranın Fransada rəsmi şəkildə tanınan türk məktəblərinin açılmasını istəyən “qarşılıqlılıq” tələbində dayanır. Nazirin sözlərinə görə, danışıqlar nəticə verməsə, bu məktəblər yeni türkiyəli tələbələri qəbul edə bilməyəcək, lakin köhnə tələbələr təhsillərini davam etdirəcəklər.

Uzunmüddətli perspektivdə qadağa daha çox türk tələbələrin təhsil aldığı bu məktəblərdə şagird sayının azalmasına səbəb olacaq.

Türkiyə mətbuatında Ankaranın Fransa məktəb heyətinə din dərslərinin əlavə edilməsini məcbur etməsi ilə bağlı xəbərləri dəyərləndirən Təkin, “Bu, açıq bir yalan və etik olmayan yanlış məlumatdır” deyib.

Bununla belə, AFP-nin mövzu ilə bağlı məlumatı olan mənbəyə əsaslanaraq verdiyi məlumata görə, Türkiyə hökuməti Türkiyədəki fransız məktəblərinin tədris planının türk məktəblərinin “ən azı bəzi fənlər üzrə” tədris planına yaxınlaşdırılmasını tələb edib.