Orta Doğu Texniki Universiteti (ODTU) İnformatika İnstitutu nəzdində fəaliyyət göstərən URAP Araşdırma Laboratoriyası tərəfindən hazırlanan 2022-2023-cü illərdə dünya universitetləri reytinqində Türkiyədən 119 universitet dünyanın ən yaxşı 3 min universiteti arasında yer alıb.
Hafta.az-ın yazdığına görə, bu sıralama universitetləri akademik məhsuldarlıq göstəriciləri əsasında qiymətləndirir. Bu göstəricilərə məqalələr, sitatlar, ümumi elmi sənədlər, ümumi nəşr və sitat təsiri, beynəlxalq əməkdaşlıq daxildir. Reytinqdə təsir dəyəri aşağı olan və ya hələ müəyyən edilməmiş jurnallardakı məqalələr və 1000-dən çox müəllifi olan məqalələr qiymətləndirmədən çıxarılıb.
Türkiyə universitetləri arasında ən yaxşı reytinqə 554-cü yerlə Hacəttəpə Universiteti nail olub. İstanbul Texniki Universiteti (İTU) 783-cü, İstanbul Universiteti 799-cu, Ankara Universiteti 800-cü, ODTU 868-ci, Koç Universiteti 920-ci, İstanbul Universiteti-Cərrahpaşa 990-cı, Qazi Universiteti 995-ci, Ege Universiteti 998-ci yerdə qərarlaşıb.
Bundan əlavə, URAP-ın 2022-2023 sahə reytinqində Türkiyədən 84 universitet ən azı bir sahədə yer alıb. Türkiyə universitetləri xüsusilə tibb-sağlamlıq elmləri və mühəndislik sahələrində diqqətəlayiq uğurlar əldə ediblər. İTU polimer elmi sahəsində dünyada 57-ci, ODTU təhsil üzrə 226-cı, inşaat mühəndisliyi üzrə 315-ci, enerji və yanacaq üzrə 384-cü, kompüter mühəndisliyi və informatika üzrə 410-cu yerdə qərarlaşıb. Hacəttəpə Universiteti pediatriya sahəsində dünyada 144-cü, stomatologiyada 145-ci, nevrologiya sahəsində 275-ci, təhsil üzrə 292-ci yerdə qərarlaşıb.