Türkiyənin gündəmi: dollar zəifləyir, millət sevinir, bədxahlar qan ağlayır

14:00 22.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Həftəyə maraqlı hadisələrlə başladıq. Qardaş Türkiyədə neçə vaxtdan bəri ölkənin iç gündəmini qara gölgəyə bürüyən infilyasiya və dolların sürətlə yüksəlişi prezident Rəcəb Tayyib Ərdoğanın sadəcə xalqa bir müraciəti ilə sona çatdı. Elə türk mütəxəssislərdən birinin də dediyi kimi, raket sürətiylə yüksələn dollar paraşütsüz yerə çırpıldı. Az qala 20 lirəyə çatan dolların məzənnəsi 12 lirə səviyyəsinə endi.

Təbii ki, parallel olaraq qızıl da ucuzlaşdı və prosesin davam edəcəyi barədə söyləntilər var. Siyasi müxalifətin və xarici ölkələrdəki bədxahların sevincini gözlərində qoyan bu proses Türkiyədə çox şeyi dəyişib: bazarda qiymətlərin ən azı 20 faiz endirilməsinə start verilib və artıq bir sıra avtomobil şirkətləri, kimya sənayesi müəssisləri istehsal etdikləri məhsulun bazar qiymətində 20 faiz endirim edəcəklərini bildiriblər, əhalinin bütün qruplarının maaş, pensiya və təqaüdündə artımların hüsablanmasından, vergilərin azaldılmasınadək addımlar atılır və sair. Bir sözlə, xalqın üzü gülməyə, müxaliflərin və Türkiyə əleyhdarlarının ürəyi qan ağlamağa başlayıb.

Bu müstəvidə Türkiyənin tanınıb-seçilən iqtisadçıları, maliyyə uzmanları proseslə bağlı gözləntilərini bölüşməkdədirlər. Onlardan bəzilərinin fikirlərini maraqlı olar deyə, oxucularımızla paylaşırıq:

Ayvansaray Universitetinin rektoru, iqtisadçı professor Əmrə Alkin deyir ki, dövlət başçısının açıqlamaları maliyyə bazarına təsirini göstərib və nəticələri göz önündədir. Buna baxmayaraq, o qeyd edir ki, lirənin dəyər qazandığını görüb yığdığı dollarını satan insanlarla yanaşı, bankların hələ də xeyli miqdarda valyuta satdığını düşünür. Əvvəllər Mərkəzi Bank tərəfindən edilən müdaxilələrin indiki kimi, ciddi nəticə vermədiyini xatırladan professor məhz bu səbəbdən hökumətin daha radikal addımlar atdığını dilə gətirib: “İndiki vəziyyətdə hökumətin valyuta qarşısında aciz qalan vətəndaşın itkilərinin yerini doldurmaq üçün xəzinədən ödəmə ayıracağını başa düşürəm. Bəlli faizlərdə lirə ilə depoziti olanlara veriləcək bu ödəmələr, həm də bankların mənbə güzəştlərindəki faiz problemini aradan qaldırmaq məqsədi güdür. Kredit faizləri ilə depozit faizləri arasındakı fərq uzun zamandır hamını narahat etməkdəydi”.

Professor Alkın deyir ki, əslində hökumətin bu gün verdiyi çözüm qərarı 1994-cü ildə verilmiş qərara çox bənzəyir. O zaman vətəndaşlara onları qane edəcək faizlər birbaşa ödənilmişdi. Bu gün isə məzənnə nəzərə alınır və dolayısı yolla ödənilir. Müsahib bildirir ki, bu bir yandan risqlidir, çünki vətəndaşın tam inanıb arxayınlaşması lazımdır. Amma digər tərəfdən də, bu həddindən artıq faiz yükü altında qalmamaq üçün müəyyən şərtlər daxilində ağıllı həll yolu sayıla bilər.

“Edilən həmlə iqtisadi etimad müstəvisində son dərəcə vacibdir. Burada ixracatçıya fərqli məzənnə təklif olunur. Bu da etimad üçündür. Vətəndaşa dolayı yolla yüksək faiz təklif edildiyi halda, sərmayədara birbaşa və aşağı faizli kreditlərin verilməsi nəzərdə tutulub. Valyuta qazancı əldə edənlərlə digər iqtisadi mənbələrə fərqli məzənnələr tətbiq ediləcəyi hiss olunur” deyən professora görə, çoxları açıqlanan paketi tam başa düşməyib. Ona görə də, detallar tam üzə çıxdıqca insanlar daha rahat olacaqlar və təbii ki, dövlətin uğurları da artacaq.

Professor Mustafa Karataş isə dolların enişinin baza təsiri olub-olmayacağından söz açır və bu müstəvidə Mədinə bazarından sitat gətirir. "Vaxtilə Mədinə bazarında yəhudilər böyük imkanlara sahib idilər. o vaxt Peyğəmbər əfəndimizin düşüncəsində və İslamın əsas bazasında Mədinə bazarı etalon sayılırdı. Tacir anlayışını da ilk dəfə məhz peyğəmbərimiz ortaya atıb, satışda aldatmaları yasaqlayıb. Peyğəmbərimiz deyib ki, qaydaları qoyan da, nəzarət edən də dövlətdir. Hesab edir ki, pulun da əxlaqı olmalıdır. Çünki Peyğəmbərimizin zamanında başqa dinin pulundan istifadə edilib. Onun bir qaydası da o olur ki, bazara gələn malı yolda qarşılayıb, qiymətini artırmaq yanlışdır və olmaz. Hesab edirəm ki, Mədinə bazarından götürməli olduğumuz çox örnəklər var. Mal və sərmayə İslamda qiymətlidir, pul isə sadəcə vasitədir. Bazarlarımızda yoxlamalar, doğru-düzgün və aldatma olmadan davam etdirilməlidir. Heç kim bilmirdi ki, koronavirus yaranacaq. Qısa qıtlıq dönəmi oldu, insan övladı hər şeyi görür və görəcək. Əsas odur ki, tacirlər və alıcılar hiyləyə baş vurmasınlar”, - deyib M.Karataş.

Məşhur iqtisadçı İslam Məmiş isı deyir ki, əslində dolarda psixoloji dəstək səviyyəsi 12,50 lirə idi. Hansı ki, eniş bu səviyyədən də aşağıdadır. “12,10 səviyyələrinə qədər geriləyən məzənnəni gördük. Önümüzdəki 3 həftə çox önəmlidir, çünki proses davam edərsə, dolların məzənnəsi 9-10 lirəyədək geriləyə bilər və təbii ki, bu da heç kimə sürpriz olmamalıdır. Amerika FED-in faiz artırma prosesi kimi səbəblərdən dolayısı təkrar özünə gələ bilər. Odur ki, dalğalı məzənnə siyasətini görə bilərik. Qızılın qiyməti 1050 lirəni keçmişdi, amma orda da ucuzlaşmanı görürük. Dünyada ciddi bir infilyasiya gedir, sabah ABŞ-da iqtisadiyyatın böyüməsi haqda bir açıqlama verilsə, mütləq qızılın qiymətində tərəddüdün şahidi olacağıq. Hesab edirəm ki, indiki ucuzlaşma fonunda vətəndaşlar ağıllı hərəkət etməli, yaranmış fürsətdən faydalanmalı, kimin valyuta ilə borcu-filanı varsa ödəməlidir” deyən İ.Məmiş əlavə edir ki, vətəndaşlar bundan sonra sosial mediada gedən xəbərlərin ciddiliyinə də fikir verməli, hər deyilənə uymamalıdır.

Yanvar ayına eyham vuran iqtisadçı deyir ki, o, hökumətdə müəyyən dəyişikliklərin baş verəcəyini gözləyir. Bunun ardıyla da ölkə xarici siyasətdə mühüm dəyişikliklərin şahidi olacaq. Bunlar da öz növbəsində iqtisadiyyatın dinamikliyinə müsbət yönümdə təsir göstərəcək. Nəticədə də lirə xeyli sabitləşərək, nəfəs alacaq.

“Bir çoxları hesab edirdilər ki, dollar bu minvalla daha da bahalaşacaq və küyə düşüb 17-18 lirədən dollar aldılar. İndi dollar 30 faizdən çox dəyər itirib və bu da o deməkdir ki, həmin vətəndaşlar 30 faiz zərərə düşüblər. Hər halda, onlar ümidlərini üzmədən prosesin necə gedəcəyini gözləyəcəklər. Yəni “dollar yenə bahalacaq” arzusuyla yaşayacaqlar. Buna baxmayaraq, hesab edirəm ki, ümumi müstəvidə insanlar yastıq altına yığdıqları qızılları, dollarlarını satmağa başlayacaqlar. Satışlar sürətləndikcə məzənnə daha da aşağı istiqamətlənəcək. Bu hökumətin tətbiq etdiyi yeni bir modeldir. Mütləq Türkiyənin büdcə kəsiri mənfidən müsbətə dönəcək və bundan sonra ölkə iqtisadiyyatında normallaşma daha da sürətlənəcək, lirənin etibarlılığı və parallel olaraq dəyəri də yüksələcək” deyən İ.Məmiş prezident Ərdoğanın Yaxın Şərqdəki sərmayədarların yatırımları haqda danışdıqlarını xatırladır. İ.Məmiş dövlət başçısından sitat gətirərək deyir ki, 2019-cu ildə də iqtisadiyyatda dalğalanmalar yaşanıb. Amma burada önəmli olan vətəndaşların verəcəyi reaksiyadır. “Dövlət mütləq mənada öz maliyyə qaynağını təmin edəcək. Bu gün dövləti aciz göstərmək və etibarsızlaşdırmaq, sosial media üzərindən aparılan təxribatın bir hissəsidir. İnşallah, irəlidə Yaxın Şərqin sərmayələrini ölkəmizdə görəcəyik. Önümüzdə 3 ay kimi bir müddət var, başa çatsın, mütləq məzənnələr sabitləşəcək. Son vaxtlar fürsətçilik yaranmışdı, kimlər açıq-aşkar məhsulun qiymətini qaldırır, kimlər isə nəfsinin əsiri olaraq bir az da irəli gedir – məhsulu satışdan yığışdıraraq anbarlarda gizlədib, qıtlıq yaradaraq qiyməti daha da artırmağa çalışırdı. Bunlardan da hesab sorulacaq. Prezidentin bir sözü vardı: belələrinin göz yaşlarına baxılmayacaq. Lirə dəyərdən düşdü deyə, məsələn, 25 faiz əvəzinə 100 faiz qiyməti qaldıranlar var və dövlət bunlardan mütləq hesab sormağa başlayacaq”, - deyir İ.Məmiş.

İ.Məmiş onu da bildirib ki, önümüzdəki bir ay ərzində dolların məzənnəsi bir az da enərək 9,65 səviyyəsinə geriləyə bilər. Əlbəttə, qızıl da yerində saymayacaq, 1 qram qızılın qiymətinin 585 lirəyədək enməsi gözlənilir.

Londonda yerləşən Bluebay Fondunun İnkişaf Etməkdə olan Bazarlar üzrə mütəxəssisi Timoti Eş – hansı ki, o, Türkiyəyə bu çətinlikdən çıxmaq üçün BVF-yə müraciət etməyi məsləhət görmüşdü – Ankaranın son addımından yaxşı mənada heyrətləndiyini gizlətməyib. İngilis mütəxəssis bildirib ki, Türkiyə hökumətinin məlum qərarına bircə sözlə münasibət bildirə bilər - inanılmaz!. O deyib ki, 30 ildir iqtisadiyyat sahəsində çalışır, ömrünü qlobal iqtisadi-maliyyə sektorlarında araşdırmalara həsr edib, amma bu müddətdə heç vaxt Ankaranın son həmləsi kimi bir halla rastlaşmayıb…