Türkiyəyə gələn rusiyalı turistlər rekord qırdı

10:28 26.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin yayında Türkiyəyə gələn rusiyalı turistlərin sayı pandemiyadan bəri ən yüksək həddə çatıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, iyun-avqust aylarında Türkiyəyə gələn rusiyalı turistlərin sayı 2,73 milyon nəfər olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Türkiyə rus turistlərin ən çox üstünlük verdiyi yerlərdən biri olmağa davam edir.

Otel qiymətlərinin enməsi, uçuşların sayının artması və turistlərin yüksək qiymətlərə uyğunlaşması rusların Türkiyəyə marağının artmasında təsirli olub. 2023-cü ilin yayında otel qiymətlərinin hədsiz artması bir çox turisti alternativ istiqamətlərə yönəltdi. Lakin bəzi otellərin 2024-cü ilin yayında qiymətləri sabit saxlamaq və ya endirimlər etmək qərarı turistlərin Türkiyəni seçməsinə səbəb olub.

2024-cü ilin ilk səkkiz ayında Türkiyəyə gələn rusiyalı turistlərin sayı 4,55 milyona çatıb. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb. Rus turistlər arasında ən populyar istiqamətlər İstanbul və Antalya olsa da, bu şəhərlərə İran, Polşa və Almaniya kimi ölkələrdən yüksək turist axını davam edib.

Bununla belə, turoperatorlar və otel sahibləri Türkiyədə istirahətin qiymətinin hələ də yüksək olduğunu bildirirlər. Xüsusilə 2023-cü ildə baş verən qiymət artımları bu yay bəzi turistlərin büdcəsini gərginləşdirib. Buna baxmayaraq, qiymətlərdə kiçik düzəlişlər və uçuş variantlarının müxtəlifliyi Türkiyənin rus turistlər üçün ən populyar xarici tətil məkanı olaraq qalmasını təmin edib.