Ucarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

21:41 11.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə hissələrinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2510 kv.m. olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270 kv.m. sahədə yanıb.

Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

*** 19:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.