Ucuzlaşan avro - Azərbaycanın valyuta ehtiyatlarına təhdid yaradır?

14:59 14.07.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında dolların kəskin möhkəmlənməsi fonunda avronun dəyərdən düşməsi davam edir. Nəticədə avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib.

Bəs, görəsən, avronun ucuzlaşması Azərbaycana nə vəd edir? Bu gün Azərbaycanın maliyyə resurslarının neçə faizi avroda saxlanılır? Avronun ucuzlaşması Azərbaycanın xarici ticarətinə necə təsir göstərəcək?

Məsələni hafta.az-a şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, dollar bahalaşdıqca manat da möhkəmlənir: “Manat dollara fiksə edilib. Yəni dollar bahalaşanda manat bahalaşır, dollar ucuzlaşanda manat ucuzlaşır. Hazırda dollar bahalaşdığına görə manatın da kursu avroya, funta və digər valyutalara görə möhkəmlənir. Bu isə Azərbaycanda inflyasiyanın aşağı düşməsinə səbəb verir. Belə ki, manatın bahalaşması inflyasiyanın daha da sürətli olmasının qarşısını alır. Sual oluna bilər ki, ölkədə onsuz da inflyasiya sürətli gedir. Bu olmasaydı ölkədə inflyasiya daha sürətli artardı. Məsələn, Türkiyədə lirə stabil deyil, bahalaşmır, nəticədə inflyasiya 70 faizin üzərindədir. Azərbaycanda isə 13-14 faiz arasındadır. Digər bir tərəfdən, bu Azərbaycan iqtisadiyyatını bahalaşdırır. Yəni manatın bahalaşması qeyri-neft sektoru, özəl sektor, ixrac sektoru üçün arzuolunan nəticə deyil”.

Azərbaycanın maliyyə resurslarının neçə faizinin avroda saxlanılması məsələsinə də aydınlıq gətirən ekspert deyib ki, ölkənin əsas resursları Mərkəzi Bankda və Dövlət Neft Fondundadır:

“Neft Fondunda 45 milyard 200 milyon dollardan çox vəsaitimiz var. Onun da 19,5 faizi, təxminən 9 milyardı avroda saxlanılır. Yəni avronun ucuzlaşması manat və dollar ekvavalentində bizə bir qədər ziyanlı kimi görünür. Rezevrlərin bir hissəsinin dəyəri düşür. Mərkəzi Bankın resurslarına gəlincə, əsasən dollarladır. Bu prosesin xarici ticarətə təsirləri isə ondan ibarətdir ki, avro ilə aldığımız malların manatda dəyəri aşağı düşəcək. Bunun özü qeyd etdiyim kimi, inflyasiyanı cilovlayan amildir. Hətta avro ilə alınan bəzi məhsullarda qiymətin ucuzlaşmasını da müşahidə edə bilərik”.

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyib ki, son 1 ildə avro 18 faiz dəyər itirib və Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib:

“Avronun kəskin ucuzlaşmasının əsas səbəbi də məhz Ukraynadakı savaşdır. Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Eyni zamanda, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsində kəskin artımlara getməsi də avro daxil olmaqla digər səbət valyutalarının dollara olan kursuna təsirsiz ötüşmür. Ötən ay FED dərəcəni 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artım idi. İyul ayında da ABŞ-da uçot dərəcəsinin yenidən artırılacağını istisna etmirlər. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 1,75 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər. FED bu il 2 faizlik infilyasiya hədəfləsə də artıq 12 aylıq qiymət artımı səviyyəsi 7.0 faizə yaxınlaşır. Bu son 40 ildə ABŞ-da ən yüksək infilyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 faiz proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib. Nəticədə isə dolların kəskin möhkəmlənməsi ilə müşahidə edilir”.

Millət vəkilinin fikrincə, avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur: “Doğrudur, avrozonada infilyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal infilyasiya dərəcəsini nəzərə alsaq ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir. Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur. Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.7060-dək dəyişib. Bu manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə A zərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir. Bu arada uzun müddətdən sonra Avropa Mərkəzi Bankının bu ay uçot dərəcəsini 0.25 faiz artıracağı gözlənilir. Amma yenə də Avropada uçot dərəcəsi okeanın o tayı ilə müqayisədə daha aşağı faiz bəndləri ilə yüksəldilir”.

V.Bayramov vurğulayıb ki, avronun zəifləməsi Avropadan Azərbaycana idxal edilən məhsullarının xərcinə təsir edə bilər: “Amma avrozonada infilyasiya səviyyəsi yüksək olduğundan idxal edilən mallarda xüsusi qiymət azalmaları proqnozlaşdırılmır. Bununla yanaşı, Avropa istehsallı avtomobillərin xərcində müəyyən azalmaların olacağı istisna deyil”.