Ukrayna əhalisinin dörddə birini itirdi

09:55 26.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı 3 ildən artıqdır apardığı genişmiqyaslı müharibə Ukraynada demoqrafik böhranı daha da pisləşdirib. Ekspertlərin hesablamalarına görə, Ukraynanın nəzarətində olan ərazilərdə əhalinin sayı 31,5 milyon nəfərdir və müharibənin birbaşa demoqrafik itkisi 10 milyon insana çatır.

Hafta.az-ın yazdığına görə, paytaxt Kiyevdə keçirilən “Millətin psixi sağlamlığı və müharibə zamanı əsgərlərin və mülki şəxslərin reabilitasiyası: dövlət, iş dünyası və vətəndaş cəmiyyətinin birgə səyi” mövzusunda ekspert forumunda çıxış edən Demoqrafiya və Sosial Araşdırmalar İnstitutunun direktoru Ella Libanova ölkə əhalisi ilə bağlı açıqlamalar verib.

Ella Libanova deyib: "Müharibə nəticəsində yaranan demoqrafik itkiləri dəqiq müəyyən etmək metodoloji cəhətdən çox asan deyil. Çünki onsuz da ölüm nisbəti var idi, yəqin ki, doğum nisbətlərinin azalması hələ də davam edir. Ona görə də bu itkiləri dəqiq müəyyən etmək olduqca mürəkkəbdir. Lakin indiki hesablamalarımıza görə, dövlətin nəzarətində olan bölgələrdə əhalinin sayı 31,5 milyon nəfədir. Yəni 2024-cü ilin ortalarının məlumatına əsasən 10 milyonluq demoqrafik itki var. Bu, Ukrayna əhalisinin 2014-cü ildəki sayının demək olar ki, dörddə birinə uyğundur”.

Bundan əlavə, Libanova qeyd edib ki, 1991-2014-cü illər arasında müşahidə olunan tendensiyalar davam etsəydi, 2024-cü ilin ortalarında Ukrayna əhalisi təxminən 41,5 milyon nəfər olacaqdı. Bu təxmin 1991-ci il sərhədləri daxilində, yəni Ukrayna ərazisi işğal olunmasa və hərbi hücumların nəticələri nəzərə alınmasa keçərlidir.

Libanova hazırda Ukraynanın demoqrafik artım potensialını böyük ölçüdə itirdiyini vurğulayaraq deyib: "Bu gün Ukraynadan kənarda yaşayan 4,5 milyon insanın üçdə birini 18 yaşınadək uşaqlar və gənclər təşkil edir. Bu mühacirlərin yalnız 6 faizi 65 yaş və yuxarıdır. Başqa sözlə, qocalma prosesi onsuz da kifayət qədər sürətli idi, indi isə bu proses daha da sürətləndi. Biz indi birbaşa 10 milyon insan itirmişik və bu itkilərin böyük bir hissəsi gənclərdən ibarətdir".

Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutu 2051-ci ilə qədər Ukrayna əhalisinin 25,2 milyon nəfərə qədər azalacağını proqnozlaşdırdığını açıqlayıb.