Ukraynalı ekspertlərin İstanbul yorumları - RUSİYA VAXT QAZANMAĞA ÇALIŞIR

12:23 30.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı başlatdığı amansız müharibəni dayandırmaq üçün qollarını çırmayan Türkiyə rəhbərliyi, nəhayət, tərəflər arasında növbəti görüşün İstanbulda keçirilməsinə nail oldu. Həm də fərqli şəkildə. Düzdür, bu görüş prezidentlər və ya XİN başçıları səviyyəsində olmasa da, fərqi onda idi ki, görüşün açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edərək, belə demək mümkünsə, tərəflərə məsləhətini, xeyir-duasını verib,

Nəticə də bu olub ki, həm Ukrayna, həm də Rusiya tərəfi danışıqları indiyədək keçirilən bütün danışıqlardan daha məhsuldar keçdiyini bildiriblər və hətta artıq müharibədə bəzi sülhməramlı addımlar da atılıb. Amma bütün bunlara baxmayaraq, müharibənin geridə qoyduğumuz beş həftə ərzində vurduğu ziyanlardan bezən ukraynalı ekspertlər görüş barədə birmənalı mövqe sərgiləmirlər. Daha konkret desək, nəticəyə o qədər də inanmırlar.

Demokratik Təşəbbüslər Fondunun analitiki Mariya Zolkina deyir ki, əgər yeni təkliflərdə yalnız yenidən müharibə baş verəcəyi təqdirdə ölkəmizə silah tədarükündən və Ukrayna səmasının mümkün bağlanmasından söhbət gedirsə, fərqli nəəs gözləməyə dəyməz. “Biz öz ərazimizdə heç bir hərbi baza yerləşdirə bilməyəcəyik. Güman edirəm ki, NATO ilə təlimlər də qadağan olunacaq, "dinc dövrdə" silah tədarükü dayandırılacaq və biz nə öz ordumuzu gücləndirə biləcəyik, nə də ki, hansısa ordularla birlikdə təlim keçirərək, döyüş qabiliyyətimizi artıra biləcəyik. Biz heç siyasi ittifaqlara belə qoşula bilməyəcəyik. Belə deyək, Ukraynanın əlk-qolunu bağlanır”, - Zolkina qeyd edir.

Priazovye İnkişaf Agentliyinin direktoru Konstantin Batozkiyə görə isə, Ukrayna ərazisində təminatçı ölkələrin hərbi qüvvələri yerləşdirilmədiyi təqdirdə bitərəf statusu təhlükəsizlik zəmanətləri ilə birləşdirmək mümkün deyil. "İstənilən təhlükəsizlik zəmanəti daha kiçik dövlətlərin ərazisində böyük dövlətlərin hərbi gücünün olmasını nəzərdə tutur. Bu, fərdi və ya kollektiv mövcud ola bilər. Bu mexanizm təhlükəsizliyin təminatçısıdır. Təhlükəsizlik təminatının digər üsulları ancaq kağız üzərində mövcuddur", - Batozki deyir.

Politoloq Oleq Posternak bildirir ki, NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, üzv ölkələrdən birinə hərbi təcavüz olarsa, bu bütün üzv dövlətlərə hücum sayılır və onlar təhlükəni birlikdə dəf edirlər. Onun fikrincə, məhz bu amil ümid verir ki, Kiyevin təklifi NATO nizamnaməsinin 5-ci maddəsinə bənzətməklə tərtib olunarsa, bu Budapeşt memorandumundan qat-qat ciddi olacaq. Çünki bura BMT-nin daimi üzvləri və yeni dövlətlər daxildir - Türkiyə, Polşa, Almaniya, İsrail və sair. NATO nizamnaməsinin 5-ci maddəsi təkrarlanmalıdır ki, bu da sülh sazişinin heç bir hüquqi nəticəsi olmayan Budapeşt Memorandumunun təkrarı olmayacağı anlamına gəlir", - Posternak deyir.

Eyni zamanda, ekspert vurğulayır ki, dinc eyforiyaya boyun əymək və gələcək üçün planlar qurmaq hələ tezdir. Çünki ukraynalılar özlərini müdafiəyə davam edirlər və Rusiya hələ də gərginliyin daha da artması üçün döyüş meydanlarına yeni qüvvələr cəlb edə bilər.

Müdafiə Strategiyaları Mərkəzinin eksperti Viktor Kevlyuk da rusların bəyanatlarına diqqət çəkir: onlar bütün Donbası ələ keçirmək istəyirlər. İkinci planalrı isə Krıma gedən dəhlizi saxlamaq, yəni Azov sahillərini ilhaq etməkdir.

Ukrayna Katolik Universiteti siyasi elmlər kafedrasının dosenti, siyasi elmlər namizədi Petro Baykovski bildirib ki, Ukrayna və Rusiya Türkiyədə keçirilən sülh danışıqlarında NATO-dan imtina etməyi müzakirə ediblər. Ekspertin fikrincə, bu ideya həm prezident Vladimir Zelenski, həm də danışıq aparan missiyanın rəhbərliyi tərəfindən ifadə edilib. “Belə bir fikir var ki, heç kim ukraynalıları NATO-ya aparmır və orada bizi gözləyən də yoxdur. Buna görə də əsaslı açıqlama verilməlidir. İkincisi, NATO göstərir ki, o bizim gözlədiyimiz qədər təsirli alyans deyil. Müvafiq olaraq, Ukrayna NATO-dan imtina etmək imkanını mümkün güzəşt kimi təqdim edir - müəyyən təhlükəsizlik zəmanətləri, Ukraynanın təhlükəsizliyini təmin edəcək yeni saziş müqabilində NATO-dan imtina etmək və sair”, - Baykovski deyib.

Onun sözlərinə görə, NATO-ya doğru kurs ölkə konstitusiyasında təsbit olunub. Ona görə də ondan necə imtina ediləcək, bu bəlli deyil. Təbii ki, konstitusiyanın dəyişdirilməsinə ehtiyac olacaq. “Biz öz təşəbbüsümüzlə NATO-ya daxil ola bilmərik. NATO-nun özündə də üzv olmağımıza mane olan ölkələr var. Çox güman ki, qarşımızı almağa davam edəcəklər. Fevralın 24-də başlayan müharibənin indiki qaynar mərhələsinədək ümid edə bilərdik ki, uzunmüddətli perspektivdə də olsa, bu müttəfiqləri razı sala biləcəyik... Sual yaranır ki, biz NATO-dan imtina etsək, müqabilində nə alacağıq? Bizə indi təhlükəsizlik lazımdır və NATO-ya daxil olmaq perspektivi olduqca uzaqdır. Ona görə də müəyyən dərəcədə mənə haqlı güzəşt kimi görünür. Əgər bunlar bizim Qərbdəki tərəfdaşlarımız, xüsusən də ABŞ, İngiltərə, Polşa və Türkiyə üçün həqiqətən ekvivalent NATO təhlükəsizlik zəmanətləridirsə, bu, alternativ ola bilər. Əgər biz sadəcə imtina etsək və işlək təhlükəsizlik zəmanəti almasaq, bu, aşkar məğlubiyyət olacaq”, - deyə Petro Baykovski bildirib.

Politoloq deyib ki, ukraynalıların təkliflərinin Rusiya üçün nə dərəcədə məqbul olacağı hələlik məlum deyil. Rus ordusunun vəziyyəti göstərir ki, indi üzünü xilas etmək üçün çıxış yolu tapmalıdırlar. Bunun üçün güman ki, bütün qüvvələri Donbasa və Cənuba cəbhəsinə keçirəcəklər. Əgər onlar öz xeyrinə müəyyən hərbi potensial tapıblarsa, Ukraynanın maraqlarına uyğun razılaşma olmayacaq. “Rusiya vaxt udmaq üçün danışıqlardan istifadə edir. Ona görə də hər şey Silahlı Qüvvələrimizin bundan sonra da bu təcavüzə qarşı nə dərəcədə müqavimət göstərə biləcəyindən və döyüş meydanında qələbə çalmasından asılıdır. Krıma gəlincə, bu məsələ ORDLO-da olduğu kimi, mötərizədədir. Söhbət 15 illik danışıqlardan gedir. Danışıqların statusunun formalaşdırılması vacib olacaq. Krım tatarlarının lideri Mustafa Cəmil qeyd edib ki, Rusiya danışıqlara razılıq verərsə, Krımın onun ərazisi olması mövqeyindən də uzaqlaşacaq. Daha əvvəl Putin bildirib ki, Rusiya üçün Krım məsələsi müzakirə olunmur. Yəni mən burada heç bir xəyanət görmürəm. Amma bu, hələ razılaşdırılmış razılaşma deyil, bizim Rusiya tərəfinə təklif etdiyimizdir. Bundan sonra nə olacağına döyüş meydanında qərar veriləcək", - Baykovski bildirib.

Ukraynanın keçmiş xarici işlər naziri Pavlo Klimkin isə hesab edir ki, təhlükəsizliyin ən yaxşı təminatçısı elə ukraynalıların özləridir. Bununla belə, bütün digər təminatlar yalnız Ukrayna ABŞ və ya NATO-nun nüvə çətiri altında olduğu zaman işləyəcək. O, həmçinin vurğulayıb ki, Rusiya fasilə verə bilər, lakin heç vaxt Ukraynanı məhv etməkdən imtina etməyəcək. “İstanbulda müzakirə olunan təhlükəsizlik zəmanətləri yaxşıdır. Amma o "zəmanətli" olduqda daha yaxşıdır. Yalnız güc və mənəviyyatın nəyəsə zəmanət verdiyi bir dünyada yaşayırıq. Bunu göstərən və sübut edən də yeganə olaraq ukraynalılardır. Putin rejimindən heç olmasa hansısa zəmanətə kimsə inanırmı? Aydındır ki, heç kim. Hətta Putinin özü də. Yaxud da, bütünlüklə Qərb ölkələrinin Ukrayna üçün hər hansı formada fədakarlıq etmək iradəsinə kimsə inanır - heç kim. Buna görə də Ukraynaya zəmanət verən tarix yalnız təhlükəsizlik potensialımızı bir dəfə gücləndirəndə işə yarayacaq: xalqdan silaha", - deyib keçmiş XİN başçısı.

Cənab Klimkin deyib ki, Rusiya aktiv döyüşlərə fasilə verə bilər, amma Ukraynanı dağıtmaqdan heç vaxt imtina etməyəcək. Ukrayna özünü müdafiə edəcək qədər güclənməlidir və bu prosesdə ABŞ başda olmaqla, NATO ona yardım etməlidir. Ən azından Ukraynanı mümkün nüvə hücumundan qorumalıdır. Yalnız bu halda zəmanət məsələsi məntiqli eşidilə bilər. "Ümumiyyətlə, Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatçısı elə ukraynalılar, vətənlərini qorumaq üçün ilhamlanan çılğın insanlardir", - deyib cənab Klimkin.

Siyasi elmlər namizədi Dmitri Şerengovski vurğulayır ki, istənilən müharibə gec-tez sülh müqaviləsi və ya kapitulyasiya aktı ilə başa çatır. “Biz təslim olmağı planlaşdırırıq, yox! İndi biz moskvalıları təslim olmağa məcbur edə bilərikmi, hələ yox. Ona görə də danışıqlar aparılmalıdır”, - deyən Serengovski vurğulayır ki, hansı ssenariyə əl atmağa hazırkı vəziyyətin, eləcə də strateji perspektivin böyük təsiri var. İndiki vəziyyət ukraynalılar üçün nə qədər yaxşı olarsa, düşmənə bir o qədər diktə edə bilərlər.

Polşa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Daniel Şeliqovski bildirir ki, Rusiya öz niyyətindən əl çəkmir və sadəcə danışıqlarda blef edir. Ona görə də Ukraynanı silahlandırmaq vaxtı yaxınlaşır. “Rusiya Ukrayna ilə bağlı tələblərindən imtina etmir. Bu, Ukraynaya silah göndərmək istəməyən bütün Qərb ölkələrinə gözləmək və baxmaqdan başqa heç nə etməməsi üçün əlverişli bəhanə vermək məqsədilə düşünülmüş sadəcə blefdir. Ukraynanı silahlandırmaq vaxtı yaxınlaşır”, - Şeliqovski deyir.

İsveç əsilli amerikalı iqtisadçı və diplomat, Ukrayna, Rusiya və keçmiş Sovet İttifaqının milli iqtisadiyyatları üzrə aparıcı beynəlxalq ekspert Anders Oslund isə özünün Tvitter səhifəsində Rusiya-Ukrayna müharibəsindən sonrakı nəticə ola biləcək bir neçə məqamı sadalayıb.

Onun fikrincə, Rusiya qoşunlarını Donbas, Krım və Sevastopol da daxil olmaqla, bütün Ukraynadan çıxarılmalıdır. “Rusiyaya deportasiya edilmiş bütün ukraynalılar geri qaytarılmalı, Rusiyanın Ukraynanın əmlakına, həyatına və iqtisadiyyatına vurduğu bütün zərərlər tam ödənilməli və burada yəqin ki, Rusiya Mərkəzi Bankının dondurulmuş təxminən 400 milyard dollar həcmində ehtiyatlarından istifadə olunmalıdır, təcavüzün təkrarlanmaması üçün Rusiya silahlı qüvvələri məhdudlaşdırılmalı, Kreml buna əməl edənədək Rusiya iqtisadiyyatını sındırmaq üçün Qərbin sanksiyaları daha da gücləndirilməlidir. Putinin bəşəriyyətə qarşı müharibəsi heç vaxt Qərb dünyası tərəfindən qəbul edilməməlidir”, - deyə o, bildirib…