Unikallığı ilə seçilən Ağdam Çörək Muzeyi

11:15 19.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təxminən , 30 ilə yaxın bir müddətdə ermənilərin işğalı altında olan torpaqlarımız artıq azadlığına qovuşub. Dekabrın 1-nə kimi isə Ermənistan silahlı birləşmələri Ağdamı, Kəlbəcəri və Laçını qeyd-şərtsiz Azərbaycana təhvil verməlidirlər. Erməni barbarları tərəfindən yerlə-yeksan edilən Ağdam rayonu isə təxminən, iki gün sonra azadlığına qovuşacaq. Bu gün sizə bir vaxtlar gözəlliyi ilə seçilən Ağdamın ən maraqlı muzeylərinin birindən – Ağdam Çörək Muzeyindən söhbət  açacağıq.

Ağdam Çörək Muzeyi haqqında bizimlə söhbətləşən tanınmış araşdırmaçı-yazar Vüqar Tofiqli bildirib ki, o, indiyədək bu istiqamətdə 1 monoqrafiya, onlarca məqalə hazırlayıb: “Dünyada ikinci, keçmiş SSRİ-də ilk hesab edilən bu muzeyin yaradılması ideyası 1982-ci ildə yaranıb. Muzeyin yerləşdiyi dəyirmanın binası, təxminən,1900-cü illərdə tikilib. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və  25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdir. Mənim üçün həmişə iki məsələ - birincisi muzeyi bəzəyən panno, ikincisi isə muzeyin yerləşdiyi binanın kimin tərəfindən tikildiyi qaranlıq qalırdı. Apardığım araşdırma zamanı məlum oldu ki, Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsillərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdir. Məhəmməd Qarayev Sankt-Peterburqda mühəndislik təhsili almışdır. Bu kompleksə karvansara da daxil idi. Sovet dönəmində “Dəyirman həyəti” adlanan ərazidəki karvansara yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verilmişdi. Müharibə dövründə, hətta dəyirmanın həyətində yaşayan, təxminən, 20 ailə buradan elektrik enerjisi ilə təmin olunurdu. O ki qaldı muzeyin binasının üzərində yerləşən məşhur pannoya, bu pannonun müəllifi ağdamlı rəssam Zakir Rüstəmovdur”.

Araşdırmacı onu da vurğulayıb ki, sözügedən muzey üç əsas bölmədən ibarət olub: “Giriş birbaşa yay zalına açılırdı. Bir hissəsi örtülü olan zalın ortasında kiçik fəvvarə vardı. Buradan həm “Sünbül” kafesinə, həm mətbəxə, həm də iki kiçik yemək otağına keçmək mümkün idi. Zala girən kimi sola dönməklə sərgi salonuna daxil olurdun. Muzeyin ikinci girişi də vardı, oradan yol müdiriyyətin otağına aparırdı. Sərgi salonu hündür olduğundan, onun müəyyən hissəsi alt-üst mərtəbələrə ayrılmışdı. Giriş qapısının solundan qalxmaqla antresol hissədə 20 kvadratmetrlik inzibati otaq, foye var idi. Həmin yerin yuxarısından muzeyin çardağına giriş də vardı. Çardaqda muzeyin əlavə eksponatları saxlanırdı.

Ağdamda ilk bərpa olunacaq yerlərdən biri məhz bu muzey olmalıdır

Birinci sərgi zalının sahəsi 80 kv.m, ikincininki 30 kv.m idi. Birinci zalda gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman yerləşirdi. Burada, həmçinin  ötən əsrin 30-cu illərində istifadə edilən “Triyer” taxıltəmizləyici qurğusu sərgilənirdi. İkinci sərgi zalı da maraqlı eksponatlarla zəngin idi. Burada əmək alətləri – xış, vəl, çin, oraq, II əsrə aid əl dəyirmanı (kirkirə), “çarçar” adlı taxıldöyən nümayiş olunurdu.  Dəyirmanın sağ tərəfindəki taxta pilləkənlə ikinci mərtəbəyə qalxırdın. Burada undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan, Səmərqənddə bişirilən çörək növləri sərgilənirdi. Bundan əlavə, aşağı zalda qədim küp və  mətbəx əşyaları sərgilənirdi. Ondansonrakı zal sırf taxılçılıq və əkinçiliklə bağlı məsələlərə həsr edilmişdi. Burada müxtəlif taxıl növləri, buğdadan hazırlanmış eksponatlar, müharibə dövrundə uşaqlara verilən çörək kartoçkaları, eləcə də, buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi nümayiş olunurdu”.

Vüqar Tofiqli, həmçinin qeyd edir ki, muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənləri olub: “Buğdanı muzeyə akademik İmam Mustafayev təqdim etsə də, dənləri Ağdamın Əfətli kəndi ərazisindəki Çalağan təpədə aparılan qazıntılar zamanı tanınmış arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İdeal Nərimanovun səyi nəticəsində tapılmışdı. Sonradan yalnız daşlaşmış buğda dənləri xilas edilərək mədəniyyət şöbəsinin  müdiri işləmiş Çimnaz Əliyeva tərəfindən Azərbaycan Tarix Muzeyinə əmanət verilir. Xatırladım ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü.  Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində hədəf götürmüşdü. Məhz bu mərmi muzeyin varlığına birdəfəlik son qoyası oldu. Yanğını söndürməyə cəhd göstərilsə də, bu, mümkün olmur. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olur”.

Yazar öz açıqlamasında onu da vurğulayıb ki, Ağdamın işğaldan azad olunmasına sayılı günlər qaldığından,  bu şəhərdə ilk bərpa olunacaq yerlərdən biri Çörək Muzeyi ola bilər: “Mən son 10 ildə muzeylə bağlı 180 eksponat toplamışam. Eksponatlar içində “Tabel cədvəli”, “Xatirə kitabı”, fərqli kitablar, orjinal şəkillər, əlyazmalar, başqa maraqlı əşyalar var. Məsələn, muzeyin “Xatirə kitabı”nda müxtəlif  ölkələrdən gəlmiş ziyarətçilərin fikirləri yer alıb. Tabel cədvəlində isə işə gələnlərin qeydiyyatı öz əksini tapıb. Cədvəldə olan məlumata görə, 1 aprel 1993-cü ildə muzeydə sonuncu iş günü olub. Beş nəfərin də işə gəlməsi ilə bağlı imzası var. Yəni, bu eksponatların hər birinin 30-a yaxın yaşı var və çox dəyərlidir. Biz muzeyin bərpası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, Ağdam rayon İcra Hakimiyyətinə də müraciət etmişik. Hesab edirik ki, Ağdamda ilk bərpa olunacaq yerlərdən biri məhz Çörək Muzeyi və digər mədəni abidlərimiz ola bilər. Düşünürəm ki, bərpa işləri görülərkən də, Çörək Muzeyinin hazırkı dağıdılmış vəziyyəti də gələcək nəsillərə nümayiş edilməli, Ermənistanın vandallığı  muzeyə gələcək hər kəs tərəfindən görülməlidir. Sizin qəzet vasitəsi ilə Mədəniyyət Nazirliyinə müraciət edərək bidirmək istərdim ki, Ağdam Çörək Muzeyi ilə bağlı qaldırdığımız bu təkliflərə həssslıqla yanaşılması arzuolunandır”.

 

Oxunma sayı 1376