Ürək, damar sistemi xəstəlikləri olanlar bol maye qəbul etməlidir - Tibb elmləri doktoru

11:23 10.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qızmar yay günlərində temperaturun yüksəlməsi hətta sağlam insanların da səhhətinə mənfi təsir göstərir.

Lakin belə havalardan ən çox əziyyət çəkənlər, ürək, qan-damar sistemi xəstəlikləri olanlardır. Qovurucu istilərdə  bu həssas təbəqənin nümayəndələri özlərini hər zamankıdan daha yaxşı qorumalıdır.

Tibb elmləri doktoru, professor Aqil Qeybulla hafta.az-a açıqlamasında təəssüf hissi ilə bildirdi ki, bu gün insanların böyük əksəriyyətində, xüsusilə də 40 yaşdan yuxarı təbəqədə ürək, qan-damar sistemi xəstəliklərinə təsadüf edilir. Bu hazırkı ekoloji vəziyyət, aşağı keyfiyyətli qidalar ilə bağlıdır:

“Bizim yoxlamalarlmız da göstərir ki, insanlarda bəd xolesterinin miqdarı həddindən artıq çox olur. Bu da gələcəkdə ürək, damar xəstəliklərinə, el arasında"kirəcləşmə" kimi tanınan problemlərə, sonda isə infarkta gətirib çıxara bilər. İsti havalarda ürək, damar xəstəlikləri ilə yanaşı qanın laxtalanma sisteminin də pozulması baş verir. İnsanın dəri və nəfəs yolları vasitəsilə həddən artıq maye itirməsi qanın qatılaşmasına səbəb olur. Bu da onsuzda pis olan qanın hərəkət sürətini bir az da pisləşdirə bilər. Nəticə etibarilə vəziyyət pisləşə, ürək infarktı, insult kimi hallar yaşana bilər”.

Sonda professor ürək, damar sistemi xəstəlikləri olan şəxslərə mümkün qədər isti havaya çıxmamağı, zərurət yarandığı halda bol miqdarda maye qəbul etməyi tövsiyyə etdi.