Bu gün kütləvi informasiya vasitələrində Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan ananın 6 yaşlı oğlu və 14 yaşlı qızı ögey qardaşı və onun həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması barəsində məlumatlar yayılıb.
Belə ki, ögey dayı guya 6 yaşlı balaca nadinclik etdiyi üçün onu dağ basaraq cəzalandırıb, həyat yoldaşı isə 14 yaşlı qızın saçlarını və qaşını kəsib. Hazırda faktla bağlı cinayət işi açılıb. Bu əmməllərə səbəb olanların cəzalandırılması balacaların psixoloji olaraq şiddət görməsi həqiqətini dəyişdirmir.
Psixoloq Nərmin Vəliyeva hafta.az-a açıqlamasında söylədi ki, ailələrdə ögey fərdlər tərəfindən zorakılıq halları çox sıx qarşılaşılan bir məqamdır. Bu gün əksər hallarda yenidən ailə quran şəxslər azyaşlıların fikrini önəmsəmir, yaxud ümumiyyətlə buna ehtiyac görmürlər:
“Evə gətirilən yeni həyat yoldaşı uşaq üçün onsuzda ayrıca bir travmadır. Uşaqların özlərinə yad hiss etdikləri ailə fərdlərinə qarşı aqressiv davranışları, yaxud da normal dəcəllikləri ailədən şiddət görmələrinə səbəb olur. Bəzən isə balacalar şüuraltı olaraq ətrafdan intiqam almaq üçün davranış pozuntuları edirlər. Ailələr isə doğru davranmağı bilmədikləri üçün uşağa psixi yaxud da fiziki şiddət göstərirlər”.
Psixoloqun fikrincə balacaların özlərini ən rahat və güvəndə hiss etdikləri yer evləri və ailə üzvlərinin yanıdır. Əgər uşaqlar güvəndiyi insanlar tərəfindən şiddətə məruz qalırlarsa, onların dəyər duyğusu zərər görür. İrəliləyən illərdə isə bu onların sosial həyatlarına böyük ziyanlar verir:
“Uşaqlar "eşitsəl" deyil, "görsəl" tərbiyə olunurlar. Əgər bir uşaq səhv etdiyi zaman şiddət görürsə, onun gələcəkdə şiddət göstərən fərdə çevrilmə ehtimalı böyükdür. Doğma valideyn şiddədətə göz yumursa, uşaqların travması daha böyük olur. Uşaqların gələcəkdə depressiya, təşviş pozuntusu qrupuna aid olan bir çox psixoloji problemlər yaşaması qaçınılmazdır. Belə ailələrə uşaqları nəzərə almağı demək düzgün olmazdı. Çünki ailələr onsuz da belə halları normal qəbul edirlər. Yaxşı olardı ki, ətrafdakı insanlar tərəfindən uşaqlar terapiyaya cəlb edilsin. Beləcə həm də bu balacaların gələcəyi xilas olmuş olar”.