Uşaqları şiddətə məruz qoyanlar – hansı hüquqi cəzalar var?

15:37 13.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Uşaqlarla bağlı işgəncə və zorakılıq faktları öz təsdiqini taparsa, təqsirləndirilən şəxslər əksər hallarda məsuliyyətdən yaxa qurtara bilmirlər.

Bu fikirləri hafta.az-a vəkil Turan Abdullazadə deyib. O bidirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cinayəti ağırlaşdıran hallardan biridir:

“Həmçinin Cinayət qanunvericiliyinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma-  üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə, qəsdən sağlamlığa az ağır zərər vurma— iki ilədək müddətə islah işləri  və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə, qəsdən sağlamlığa yüngül zərər vurma isə— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Vəkil onu da söylədi ki, bu cür faktlarla bağlı hüquq mühafizə orqanlarına şikayətlər daxil olduğu təqdirdə, bu kimi işlərdə bədən xəsarətlərinin müəyyən olunması üçün istər istintaq,  istər məhkəmə prosesi mərhələsində tibbi-ekspertiza təyin olunur:

“Əgər ekspertizanın keçirilməsi nəticəsində azyaşlılar üzərində ağır, az ağır və ya yüngül bədən xəsarətləri müəyyən olunarsa, verilmiş ekspert rəyi məhkəmədə zərərçəkmişlərin leyhinə sübut kimi istifadə olunur. Bədən xəsarətlərinin dərəcəsini nəzərə almaqla təqsir sübuta yetirilərsə, hakim təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarır və ona cəza təyin edir”.