Vətən Müharibəsi ilə bağlı peşəkar real çəkilişlər – rejissorlar nə düşünür?

17:04 29.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayının 27-sindən noyabrın 10-a qədərki bir dövrü əhatə edən Böyük Vətən Müharibəsi. Hər nə qədər sadə dillə "44 gün" deyə səslənsə də, hər anı bir tarixdir əslində. 30 il sonra bütün zəncirlərini qırıb, öz müqəddəratını özü həll edən rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarını azad edir. Bu yolda neçə-neçə igid Vətən övladları can qoydu. Onlardan geriyə yarımçıq qalan arzular xəyallar, və kəlimələrə sığmayacaq qədər böyük qəhrəmanlıq hekayələri qaldı. Bəs görəsən ölkəmizdə həmin dövrün reallıqlarını əks etdirən film və ya filmlər hazırlanırmı? Məsələyə rejissorların yanaşması necədir?

Qeyd edək ki, hətta sosial şəbəkələrdə belə Vətən Müharibəsi ilə bağlı real kadrların azlığından şikayət edilir. Mobil vasitələrlə çəkilmiş kadrlar isə özünün keyfiyyətsizliyi, qeyri-dəqiqliyi ilə seçilir. Böyük Vətən Müharibəsində faşizm üzərində qazanılan qələbənin uzun illər yaddaşlarda əbədi həkk olunması məhz həmin dövr müharibəsinə aid real kadrlar əsasında çəkilmiş sənədli və bədii filmlərin nəticəsidir.   

İlk olaraq mövzu ilə bağlı Azərbaycan televiziyası ilə əlaqə saxladıq.

Buradan saytımıza deyildi ki, 44 günlük müharibə dövrü ilə bağlı telekanalda artıq bir neçə sənədli film yayımlanıb. Növbəti günlərdə efirə gedəcək yeni filmlər də var. Filmlərdə həm xronika, həm də real kadrlar öz əksini tapıb.

Daha sonra Rejissor Rövşən İsaxın da fikirlərini öyrəndik. Onun sözlərinə görə, müharibə dövrü ilə bağlı film çəkməyi, düşünür. Amma, hələki bununla bağlı ortada heç nə yoxdur.

"Filmdə müharibədə çəkilmiş həqiqi kadrlardan istifadə edib-etməmək  ssenariyə bağlıdır. Ola da bilər, olmaya da".

Rejissor Cavid Təvəkkül isə bildirir ki, 44 günlük müharibə dövrü ilə bağlı sənədli film deyil, daha masştablı film çəkməyi düşünür:

"Hətta bununla bağlı əlimdə hazır ssenari də var. Film Şuşanın alınması, Şuşa uğrunda gedən döyüşlər haqqındadır.

Bir az öncə film üçün müəyyən olunmuş maliyyənin axtarışına çıxmışıq. Məbləğin 50%-ni tapmışıq, yarısı isə hələ də qalıb. Filmi çəkməyi çox istəyirəm. Bədii film olduği üçün burada həqiqi döyüş kadrlarından istifadə edilməyəcək. Təbii ki, film real hadisələr əsasında çəkiləcək".

Növbəti müsahibimiz rejissor Şəhriyar Zeyni isə deyir ki, real kadrlardan da istifadə etməklə, Vətən müharibəsi haqqında sənədli film çəkməyi düşünür. 

Sadəcə olaraq maliyyə məsələləri baxımdan bu istəyini hələ reallaşdıra bilməyib.

Müdafiə Nazirliyindən Vətən Müharibəsi ilə bağlı peşəkar çəkilişdə aparılmış real kadrların olub-olmamasına dair sorğumuz isə təəssüf ki, cavabsız qaldı.

Qeyd edək ki, yaxın günlərdə Bakı Media Mərkəzi 44 günlük Vətən müharibəsinə sənədli film həsr edib. Sənədli filmdə Prezident İlham Əliyevin çıxışları, müzəffər Azərbaycan ordusunun II Qarabağ müharibəsi zamanı düşmənə endirdiyi zərbələr və Bakıda keçirilmiş möhtəşəm Zəfər paradından görüntülər yer alıb.