Vətəndaşlara həm də antitel testi əsasında COVID-19 pasportu verilməlidir. Bu fikirləri hafta.az-a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova deyib.
Onun sözlərinə görə, bəzi insanlar var ki, xəstəliyi ya simptomsuz, ya da yüngül keçirib:
"Bilirik ki, temperaturu 38 dərəcədən aşağı olan insanlardan yaxma götürülmürdü. Hər vətəndaşın da imkanı yox idi ki, COVID-in simptomunu özündə müşahidə edəndə gedib özəl klinikada test versin. Bu xəstəlikdən şübhələnənlər təkcə özləri deyil, həm də ailə üzvləri test verməli idilər. Ona görə də həmin insanlar məcbur idilər ki, evdə qalıb müalicələrini aparsınlar. Həmin insanların qanında 3 aydan sonra antitellər yaranır. Biz norma olaraq 7-10 götürürük, əgər antitellər 10-dan yuxarıdırsa, deməli, həmin insanlar virusu keçiriblər. Biz bu insanlara 1 il müddətində peyvənd vurmağın tərəfdarı deyilik. Yəni, bir il müddətində həmin şəxsdə vaksin aparılmamalıdır. Həmin şəxsə COVİD-19 pasportu verməliyik. Digər məsələ peyvəndə əks-göstərişi olan insanlardır. Onkoloji xəstələrdən kimyaterapiya alan xəstələrə, allergiyası olanlara peyvənd olmaz. Bunu allerqoloqla məsləhətləşmək lazımdır. Əgər allerqoloq müsbət rəy verərsə, peyvənd vurmaq mümkündür. Mütəxəssis mənfi rəy verdiyi halda isə bu insalarla bağlı xususi reystr yaradılmalı və onların dəqiq sayı müəyyən olumalıdır. Biz bu insanların hüqüqlarını pozub, ictimai mühitdən kənar tuta bilmərik. Həmin şəxslərə sadəcə tövsiyə olunmalıdır ki, özlərini qorumaq üçün üç qızıl qaydaya riayət etsinlər: maska taxsınlar, sosial məsafə saxlasınlar və spirtdən istifadə etsinlər”.