NATO-nun 8-ci baş katibi, belçikalı siyasətçi Villi Kleys ABŞ-ın Avropaya yönəlik siyasətini sərt sözlərlə tənqid edib.
Hafta.az-ın yazdığına görə, “Het Nieuwsblad” qəzetinə danışan Kleys ABŞ-Avropa həmrəyliyinin Donald Tramp administrasiyası ilə sona çatdığını və bunu "xəyanət" hesab etdiyini bildirib.
Kleys açıqlamasında deyib: “Okeanın o tayında uzun illər davam edən əla həmrəylikdən sonra Trampın prezidentliyindən bəri hər şey dəyişdi. Bu, böyük xəyanət deməkdir”.
Keçmiş baş katib ABŞ-ın vitse-prezidenti J.D.Vansın bu yaxınlarda keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışa da sərt reaksiya verib və “Bu, Avropaya dərs verməyə çalışan bir ölkənin təzahürüdür. Vans nə qədər axmaq bir çıxış etdi" deyib.
Donald Trampın NATO əleyhinə ritorikasına baxmayaraq, Kleys alyansın sona çatacağına inanmadığını bildirib: “Mən bu barədə pessimist deyiləm. Trampın NATO-dan çıxması demək olar ki, qeyri-mümkün olardı, çünki o, vəzifəyə başlamazdan əvvəl qabaqlayıcı qanun qəbul edilib”.
Avropanın NATO-dan asılılığına diqqət çəkən Kleys vurğulayıb ki, Avropa İttifaqının yaratdığı istənilən hərbi qüvvə NATO-nu əvəz edə bilməz: "Sırf hərbi baxımdan danışsaq, NATO ittifaqını Avropa ordusu ilə əvəz edə bilməzsiniz. Hələlik bunun üçün Avropada kifayət qədər hərbçi yoxdur".
Bu səbəbdən Avropanın həm ABŞ-la əlaqələrini davam etdirməsi, həm də müdafiəyə daha çox töhfə verməsi lazım olduğunu bildirən Kleys, “Bir klubun üzvüsənsə üzvlük haqqını ödəyirsən” deyərək Avropa ölkələrinin NATO büdcəsinə kifayət qədər töhfə verməsi lazım olduğunu təsdiqləyib.