I Qarabağ savaşının şəhidi Fərhad Atakişiyevin doğum günündə döyüş yoldaşları onu Xankəndi-Kərkicahan Şəhid ailələrinin Agcabədi rayonundakı qəbiristanlığındakı məzarını ziyarət etməklə anıblar. Digər silahdaşları isə Fərhadın Bakıda məskunlaşmış ailəsinin yanında olmagı özlərinə borc bilib. Səngər yoldaşları Novruz, Mürvət, Zaur, Nazim, Mehman, Əsəd, İslam, şəhid dostu İlhamın həyat yoldaşı Təranə xanım, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Fərhadın anası Dilarə xanım, bacısı Sevinc, qardaşı Elxanla birgə onu unudulmaz xatirələrlə yad edib, ruhuna dualar oxuyublar…
Bu haqda hafta.az-a “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva məlumat verib.
Fərhad Rəhman oğlu Atakişiyev 1970-ci il iyulun 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olub. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Sovet Ordu sıralarına çağırılıb. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1991-ci ilin oktyabr ayının 10-da Fərhad Şıxov könüllülər batalyonuna yazılmışdır. Digər döyüş yoldaşları olacaq şəxslərlə birlikdə həmin il dekabrın 7-də Şəhidlər Xiyabanında and içib Qarabağ bölgəsindəki hərbi əməliyyatlarda iştirak üçün ali təhsilini yarımçıq qoyaraq, könüllü surətdə cəbhəyə yollanıb.
Fərhad Atakişiyev anadan olduğu əraziləri yaxşı tanıdığına görə özünümüdafiə dəstəsinin bələdçisi olub. 1991-ci il Dekabrın 26-da erməni silahlı qüvvələri güclü texnika ilə Kərkicahana hücuma başlayıb. Mehman Hüseynovun komandiri olduğu könüllü dəstə Kərkicahan yaxınlığındakı yüksəklikdə erməni silahlı dəstələri ilə açıq döyüşə girib. 8 saat davam edən şiddətli döyüşdən sonra əlavə qüvvə gəlmədiyi üçün özünümüdafiə dəstəsi və Kərkicahan qəsəbəsi mühasirə altına düşüb. 22 nəfərdən ibarət könüllülər dəstəsi son mövqelərini dəyişmədən vuruşub və nəticədə 13 nəfər itki verməklə qəsəbə sakinlərinin mühasirədən çıxmasına müvəffəq olub.
Könüllü özünümüdafiə dəstəsinə, xüsusən ən gənc döyüşçü olmasına görə Fərhad Atakişiyevə yerli camaat tərəfindən döyüş mövqeyindən çıxmaq, qəsəbəni tərk etmək təklifi edilib. Bu təklif Fərhad Atakişiyev üçün öz döyüş yoldaşları və komandanlıq tərəfindən dəfələrlə təkrarlanıb. Lakin igid döyüşçü öz mövqeyini tərk etməyib. Fərhad Atakişiyev 1991-ci il dekabr ayının 27-dən 28-ə keçən gecə, qeyri-bərabər döyüşdə, döyüşdükləri evin partladılması nəticəsində 8 könüllü əsgərlər ilə birlikdə mühasiyərə düşüb, başından və dizindən yaralı, huşunu itirmiş vəziyyətdə əsir götürülüb. 9 nəfər könüllü əsgər düşmən qüvvələri tərəfindən Xankəndi təcridxanasına gətirilib. Həmin vaxt Xocalı hava limanının rəhbəri və oradakı döyüşçülərimizin komandiri olan Əlif Hacıyev əsirlərin, xüsusi ilə də Fərhad Atakişiyevin qaytarılmasına çalısa da, bu mümkün olmayıb. Çoxsaylı itkilərin əsas səbəbini Fərhad Atakişiyevin bələdçiliyində görən erməni terrorçuları ona qarşı fasiləsiz, amansız və xüsusi işgəncələr tətbiq edib. Düşmənin hər tələbinə, "Qarabağ Azəbaycanındır!" cümləsi ilə cavab verən Fərhad Atakişiyev bu səbəbdən xüsusi qəddarlıqla qətlə yetirilib.
28 Yanvar 1992-ci il tarixdə, Fərhad Atakişiyevin meyiti ermənilərdən alınıb və Ağdam rayonu Mərkəzi Xəstəxanasında müayinə olunub. Müayinə edilərkən məhkəmə tibbi ekspertiza tərəfindən onun bədənində, hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək, 72 müxtəlif işgəncənin izləri aşkarlanıb.
Ölümündən sonra, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2009-cu il tarixli 419 nömrəli sərəncamına əsasən, baş çavuş hərbi rütbəsi və Azərbaycan Bayrağı ordeni ilə təltif edilibFərhad haqqında "Cinealliance" kinoşirkəti tərəfindən "Qarabağdır Azərbaycan!" adlı film çəkilib.
Döyüş yoldaşları şəhid Fərhad Atakişiyev haqda bunları söyləyib:
Arif İsmayılov:
"1991-ci il dekabr ayının 7-də Şəhidlər Xiyabanında andiçmə mərasimindən sonra, biz Şuşa şəhərinə ezam olunduq. Dekabr ayının 26-da isə biz Kərkicahan kəndinə göndərildik. Kərkicahan kəndində çox sərt mövqelər vardı. Xankəndi ilə üz-üzə idi. Fərhad yerli sakin idi. Biz muhasirəyə düşəndə Fərhad da bizim yanımızda idi. Ya mənim avtomatımı götürərdi, ya uşaqların avtomatını götürərdi, ya da avtomatın darağını uşaqlar üçün doldurardı. Getdikcə biz sıxlaşırdıq. Həm yuxarıdan, həm yandan gəlirdilər. Ona təkliflər də olundu. Komandanımız, uşaqlar və mənim tərəfimdən "Ay Fərhad, bəs sən niyə çıxmadın? Sən çıxıb gedəydin gərək! Sən bilirsən ki, bu mühasirədir" Fərhad dedi: "Yox, mən çıxa bilmərəm. Ayıb olar mənim üçün!"…
Sonra elə oldu ki, ermənilər evi partlatdılar. Bir neçə istiqamətdən… Yaralandıq hamımız. Yaralı vəziyyətdə bizi sürüyə-sürüyə apardılar. Ondan sonra biz bird aha bir-birimizi görməmişik. Ancaq səsimizi eşitmişik. Fərhad dediyin deyirdi ki; - "Yox, Qarabağ bizimdir!". O sözü dedi Fərhad. Sanki onun ətini kəsirdilər. Sümüyün sındırırdılar. Sonradan bilindi ki, elə də olub…"
Mehman Hüseynov:
"Fərhad əsirlikdə olduğu müddət ərzində "mən erməni çörəyi yemərəm" deyərək əsirlərə verilən bir parça çörəkdən də imtina edirdi. O, 22 gün əsirlikdə yaşadı. 22 günün hər günü ermənilərə tarix boyu unutmayacaqları dərs verirdi".
Aydın Əhmədov:
"Bu oğlan mənimlə birlikdə postda dururdu. Silahımı ona verirdim. Silahı yox idi. Gecələr yatmırdı. Bizə axıradək kömək etdi. Döyüşlərdə yaxşı iştirak edirdi…”
Fərhad Fərhadov:
"Döyüşə getməyimiz başlandı Şuşada, Daşaltında. Mən məəttəl qalırdım. Mən Əbdüləzim adlı yoldaşımızdan soruşurdum ki, kiminlə durmuşdun gecə postda? Deyirdi: -"Fərhadla". Gəlirdim posta, yenə Fərhadla dururdum. Yatmırdı. Ermənilər oturduğu yerlər ki, var idi, gecə ilə gedib oradan silahları götürməyi bizə təklif elədi və qorxmadan irəli düşüb bizimlə getdi. Onların bütün oturduqları yerləri, mövqeləri bizə göstərdi. Silahları və qənimətləri ələ keçirməyimizin əsas səbəbkarı Fərhad oldu. Mühasirə vaxtı artıq camaatdan heç kəs qalmamışdı. Elə vaxt oldu ki, başqa kəndlərin camaatı da gəlib bizə dedi ki, kömək edirik sizin buradan çıxmağınıza. Buradan salamat adam çıxmayacaq. Biz çıxmadıq. Əsir düşəndən sonra bizdən soruşdular bu (Fərhad) haralıdır deyə. Biz də əvvəlcədən danışıb qərarlaşdırmışdıq ki, belə hal olsa, deyəcəyik ki, Bərdədəndir". Allah uzaq eləsin. Hələ bu günki gün də rəhmətlik Fərhadın səsi qulağımdan getmir. Ölən günümə qədər də getməyəcək.
Əbdüləzim Məmmədov: - "Yanvarın 28-də gecə saat 3-4 arası Fərhadı mənim olduğum kameraya gətirdilər. Ondan soruşdular ki, "bu kimdir, hansı şəhərdəndir?". Fərhad dedi ki, məni tikə-tikə doğrasanız da bir söz demərəm. Sonra soruşdular ki, komandiriniz kimdir? Yenə rədd cavabı aldılar. Daha sonra "Kərkicahan kimindir" deyə soruşduqda Fərhad qışqırdı:"Kərkicahan bizimdir, bizim də olacaq". Onun qollarına, ayaqlarına, boynuna armaturla çırparaq vəhşicəsinə öldürdülər. Mən bu dəhşətli ölümü öz gözlərimlə görmüşəm".
Pənah Məhərrəmov:
"Xankəndində təcridxana deyilən yer var. Bizi ora gətirdilər. Elə bilirdim ki, məni döyürlər. O dərədəcə... Mən çox həyəcanlanırdım. Onlar Fərhadı özlərinə ram edə bilmirdi. Fərhad onların dediklərinə əks cavab veriyinə görə Fərhada lap çox işgəncə verirdilər. Ermənilərə o təsir etmişdi ki, biz onu Bərdəli kimi təqdim etmişdik. Onlar da ona deyirdilər ki, biz səni tanıyırıq sən filankəsin oğlusan…"
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!..
