Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Hafta.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.
Bayramınız mübarək!".
***
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun".
***
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Ümid edirəm ki, yüksək mənəvi dəyərləri tərənnüm edən, humanizmin, xeyirxahlığın və sülhpərvərliyin rəmzi olan bu nurlu bayram bütün müsəlman ümməti arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy Uca Allah bütün dualarınızı qəbul etsin və bütün xeyirxah əməllərinizdə Sizə hər zaman uğur bəxş etsin".