Xarici ticarətdə milli valyutalara keçid – Müzakirə

12:08 11.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Türkiyə və Rusiya rublla ticarətə keçmək barədə razılığa gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə bu xüsusda həmkarı Vladimir Putinlə razılıq əldə edildiyini bildirib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə öz növbəsində qeyd edib ki, prezidentlər Rusiya qazının Türkiyəyə tədarükünü rublla hissə-hissə ödəməyə başlamağa razılaşıblar. Dövlət başçıları Soçidəki danışıqların yekunlarına görə, ticarətin həcmini artırmaq, iqtisadiyyat və energetika sahələrində yarı yolda görüşmək, o cümlədən nəqliyyat, ticarət, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq üçün addımlar atmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Rusiya və Türkiyə uzun müddətdir dollar asılılığından xilas olmaq üçün cəhd edirlər. Hazırda xeyli güclənən rus rublu bunun üçün yeni imkanlar açıb. Eyni zamanda ticarətin rublla həyata keçirilməsi dollar vasitəsilə ABŞ-ın Türkiyə və Rusiya iqtisadiyyatlarına təsir imkanlarını zəiflədir.  Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla da ticarətdə Rusiya milli valyutalarla dövriyyəni əhəmiyyətli dərəcədə artıra bilib.

 Ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin, təxminən, 30 faizi rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil, qeyri-standart vəziyyətlərə tez uyğunlaşır. Onu da xatırladaq ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə əsasən, Rusiya və Azərbaycan milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaratmalıdırlar. Bu istiqamətdə iş gedir. Ölkələrimiz arasında ikitərəfli ticarəti həyata keçirən bankların üzərinə isə məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün yeni kanallar tapmaq tapşırılıb. Rublla yanaşı, Azərbaycan manatının da qarşılıqlı ticarətdə istifadə həcmi artır.

Eyni fikirləri Türkiyə barədə də demək olar. Belə ki, Azərbaycan manatı artıq Türkiyə Mərkəzi Bankı tərəfindən “Ticarətə aid xarici valyutalar” siyahısına əlavə edilib. Türkiyə Mərkəzi Bankının məlum qərarından sonra manatın regional valyutaya çevrilmə şansı da əhəmiyyətli dərəcədə yüksəlib. Bəs, görəsn, Azərbaycan və Türkiyənin, eləcə də Azərbaycan və Rusiyanın tamamilə dollardan imtina edərək müvafiq olaraq ticarətdə lirəyə, rubla keçməsi nə dərəcədə realdır? Azərbaycan iqtisadiyyatı buna tab gətirə bilərmi? Ümumiyyətlə, xarici ticarətimizdə bu valyutaların payı maksimum nə qədər olmalıdır?

Məsələni hafta.az-a şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanın xarici ticarətdə Türkiyə və Rusiya ilə müvafiq olaraq lirə, rubl vasitəsilə ticarət etməsində ölkəmiz üçün heç bir risk yoxdur:

“Yəni, indi də Azərbaycan bir çox şirkətlərdən Rusiyadan mal alanda rublla müqavilə bağlanır. Burada hər hansı problem yoxdur. Həmin valyutalarla ticarətin aparılması kifayət qədər realdır. Xüsusilə Rusiya ilə biz rublla alış-verişə artıq məcburuq. Rusiyadan  əsasən xammal, material, taxıl və digər ərzaq məhsulları alırıq. Rusiyaya hazırda dollar, avro ödəmək getdikcə problemə çevrilir. Avropa, Amerika bankları ya vəsaiti geri qaytarırlar, ya da bloka salırlar. Ona görə də güman edirəm ki, yaxın 6 ayda Rusiyadan aldığımız malların ödənişini getdikcə daha sürətli rublla həyata keçirəcəyik. Yəni, əgər Rusiyadan mal almaq istəyiriksə, ödənişi rus rublunda ödəmək məcburiyyətində qalacağıq”.

Ekspert, həmçinin onu da qeyd edib ki,  Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11,7 faizi Türkiyənin payına düşür: “Eyni zamanda, ixracın 10 faizi Türkiyənin payına düşür. Qeyri-neft məhsulları ixracında Türkiyənin payı 29,4 faiz, Rusiyanın payı isə 26,2 faizdir. Ümumiyyətlə isə ixracın 2,1 faizi Rusiyadır. İdxala gələndə isə ölkədə idxal olunan məhsulların 18,6 faizi Rusiyadan, 16, 6 faizi də Türkiyədən gəlir. Son 6 ayda ümumi ticarət dövriyyəmizdə isə Türkiyənin payı 11,7 faiz, Rusiyanın payı isə 6,3 faizdir.  Təqribən xarici ticarət dövriyyəmizdə iki ölkənin ümumi payı 18 faizdir. Amma hal-hazırda təbii ki, demək olmaz ki, 18 faizin hamısı dollarla və ya avroyla, və ya lirə və rublladır. O ki qaldı sözügedən ölkələrlə müvafiq olaraq lirə və rublla ticarət edilməsinə, bir daha vurğulayıram ki, bu məsələdə hansısa problem yoxdur. Ölkəmiz rahat şəkildə bu dövlətlərlə onların valyutalarında ticarət edə bilər. Sadəcə, bu məsələdə ölkələrarası, Mərkəzi Banklar arası müqavilələr olmalıdır ki, şirkətlər ticarət edəndə rahat şəkildə həmin vəsaiti dəyişdirə bilsinlər”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Fuad İbrahimli isə bildirib ki, nəzəri cəhətdə milli valyuta ilə hər hansı ticarəti aparmaq mümkündür: “Amma bir şeyi də nəzərə almaq lazımdır ki, 70-ci illərin əvvəllərində Yamayka danışıqlarından sonra dünyada üzən məzənnə siyasəti formalaşıb. Və istənilən valyutanın məzənnəsi formalaşır, bu müəyyən iqtisadi göstəricilərə görə də digər valyutalara nisbətdə belə deyək dalğalanır. Əlbəttə ki, müəyyən bir dövrdə bu prosesi həyata keçirmək olar. Ancaq hər bir halda vahid bir ölçü vahidi lazımdır. Bu gün dünyada həmin ölçü vahidini əvəz edən göstərici varlıq ABŞ dollarıdır. Bu gün lirənin məzənnəsinin müəyyən edilməsi dollara uyğun olaraq aparılır. Və yaxud rus rublu. Bu gün rus rublunu ən azından Azərbaycan manatına nisbətini və yaxud Azərbaycan manatının rus rubluna nisbətini müəyyən etmək üçün mütləq şəkildə ABŞ dollarından nisbəti müəyyən edlir. Yəni, bu ölçü vahididir. Belə olduğu halda məcazi mənada lirə və ya rublla ticarəti aparmaq mümkün olacaq. Bunun Türkiyə iqtisadiyyatına nə dərəcədə ziyanı olub-olmadığını kənara qoyuruq. Və ya dünyada dolları ləğv etdilər, başqa ölçü vahidi müəyyənləşdirildi. Yenə də həmin ölçü vahidi əsas olacaq. Əslində bu söhbətlərin hamısı siyasi çıxışlardır. Azərbaycanın isə öz xarici siyasəti var, xarici dövriyyəsini də müasir institusional qaydalara uyğun aparır. Hər hansı “oyunlarda” iştirakçı deyil”.

Oxunma sayı 135