XİN rəhbəri gürcüstanlı həmkarı ilə görüşdü

22:14 04.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurasının iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Bildirilib ki, görüşdə nazirlər Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının müsbət dinamikasını yüksək qiymətləndirib, dostluq və qarşılıqlı dəstək ruhunda inkişaf edən münasibətlərin regional sabitlik və inkişaf baxımından əhəmiyyətini vurğulayıblar.

"Tərəflər enerji, nəqliyyat-logistika sahələrində əməkdaşlıq, elektrik enerjisi və yaşıl enerji üzrə yeni birgə layihələr, həmçinin mədəni və humanitar əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifaha nail olmaq üçün səylər vurğulanıb", - deyə paylaşımda bildirilib.