Qarabağ bölgəsi işğal altında olduğu üçün indiyə kimi həmin ərazilərdə torpaq islahatı aparmaq mümkün olmayıb.
Bu fikirləri hafta.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib:,
“Bu məsələdə narahat olmağa heç bir əsas yoxdur. Bununla bağlı Azərbaycanda qanunvericilik bazası mövcuddur. Sözsüz ki, pay torpaqlarının verilməsində də həmin sənədlərə istinad ediləcək. Ancaq elə ərazilər var ki, onların xarakterinə, təbii şəraitinə, torpaqların az və ya çox olmasına görə bu torpaqlar bölünməlidir. Yenə deyirəm, ərazi məlum, xəritə məlumdur. Ola bilsin, indi bizdə iqtisadi rayonlar yaradılıb. Yeni “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin yaranması ilə əlaqədar müəyyən ucqar kəndlər birləşdirilə bilər. Yaxud da rayonun mərkəzində şəhər var, tutaq ki, Füzuli və ya Ağdam şəhəri. Bu rayonların daha gözəl, daha müasir olmasından ötrü həmin pay torpaqları ətraf ərazilərə verilsin. Elə kəndlər var ki, ərazisinə görə orada yaşayan insanlara da pay torpaqları verilməlidir. Ancaq xırda kəndlər birləşdirilirsə, sözsüz ki, bu torpaqlar da birləşdirilməlidir. Heç bir vətəndaş etiraz edə bilməz ki, mən filan kənddə yaşayırdım, mənim pay torpağım da orada verilməlidir. Bu, mümkün olan şey deyil. Əgər o kəndlər, torpaqlar birləşdiriləcəksə, bu da hökumətin qərarından asılı olan məsələdir. Təbii ki, pay torpağı əhalinin sayına və torpağın həcminə görə veriləcək”.
Millət vəkili vurğulayıb ki, bu istiqamətdə müvafiq işlərin aparılması ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məşğul olmalıdır: “Əvvəllər rayonlarda torpaq şöbələri var idi. İndi bu işlə Əmlak Məsələləri Dövlət Xidməti məşğul olur. Torpaqların analizi, xəritəsinin çəkilməsi, müvafiq reyestrlə bağlı bu qurumda şöbələr var. Sözsüz ki, İqtisadiyyat Nazirliyi hökumətlə bərabər bu istiqamətdə tədbirlər həyata keçirməlidir. Digər tərəfdən, yerlərdə Kənd Təsərrüfatı Nazirliyinin aqrar şöbələri var. O şöbələr ki, onlarda səriştəli adamlar işləyir və köhnə xəritələr də var. Yeni xəritələrin tətbiq olunması ilə işlər daha da asanlaşacaq. Peyk vasitəsilə bu torpaqların xəritəsi çəkilir. Elə bilirəm ki, bunların hamısı nizamlanmalıdır. Bunu da İqtisadiyyat Nazirliyinin müvafiq şöbələri həyata keçirməlidir. Təbii ki, bu istiqamətdə işlər mərhələli şəkildə aparılmalıdır. Həmin ərazilərdə təhlükəsizlik məsələləri tam həllini tapmayıb və mənfur düşmən 30 ilə yaxın bir müddətdə o əraziləri viran qoyduğundan, orada infrastrukturu bərpa etmək uzun zaman alacaq. Sözsüz ki, indi daxili imkanlar və xaricdən gətirilən minaaxtaranlar hesabına ərazilər minadan təmizlənməkdədir. Yenə də deyirəm: bu uzun bir prosesdir və zamanı çatanda həmin ərazilərə köçürülən insanlar həm pay torpaqları, həm də həyətyanı sahələrlə təmin ediləcəklər”.