Xürrəmabad şəhərini İsrail PUA-ları vurub

09:33 27.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Lorestan əyalətinin Xürrəmabad şəhərində eşidilən yüksək səsdən sonra baş verən hadisədə İsrailin rolu ola biləcəyi ehtimal səsləndirilir.

Hafta.az-ın “Tesnim” Xəbər Agentliyinə istinadən yazdığına görə, bazar ertəsi axşam yerli vaxtla saat 22:00 radələrində eşidilən yüksək səsdən sonra şəhərdə güclü təkan baş verib.

Tehran Universitetinin Geofizika İnstitutu bölgədə zəlzələnin qeydə alınmadığını bildirib. Lorestan vilayətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Mehdi Pazuki bildirib ki, təkan və səsin mənbəyi hələ müəyyən edilməyib, lakin partlayış ehtimalı nəzərdən keçirilir.

Digər tərəfdən, İsrail mərkəzli "Times of Israel" xəbər saytı İmam Əli hərbi bazasının Xürrəmabad şəhərindən təxminən 35 kilometr aralıda yerləşdiyinə diqqət çəkib. Sözügedən bazada “Şahab-3” adlı orta mənzilli ballistik raketlər istehsal olunur. Xəbərdə raketin yeni dizayn edilmiş modelinin uçuş məsafəsinin 2 min kilometrə qədər artırıldığı və İsraili vura bildiyi də vurğulanıb.

Müəllif və jurnalist Babək Tağvai X-dakı yazısında partlayışın və zəlzələnin İsrailin milli kəşfiyyat təşkilatı “Mossad” tərəfindən təşkil edilən pilotsuz təyyarə hücumu nəticəsində baş verdiyini iddia edib. Tağvi eyni zamanda İran İnqilab Keşikçiləri bazasının yanacaq anbarının da “Mossad” PUA-ları ilə vurulduğunu deyib.

ABŞ-da yaşayan İran əsilli araşdırmaçı jurnalist Erfan Fard da X-dakı paylaşımında bazanın “Mossad” tərəfindən vurulduğunu iddia edib. Tehran rəhbərliyinin hücumu gizlətməyə çalışdığını iddia edən Fard, bazada “Şahab-3” raketlərinin hazırlandığını və İsrail kəşfiyyatının onu zərərsizləşdirməyə çalışdığını bildirib.

Tehran administrasiyası hələlik hadisə ilə bağlı açıqlama verməsə də, iddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Hadisənin İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayinikin bazar günü “Bizim İsraili vura biləcək raketlərimiz var” deməsindən sonra baş verməsi də diqqət çəkir. Sözçü bildirib ki, raket 2020-ci ildə ABŞ tərəfindən qətlə yetirilən İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin şərəfinə "Hacı Qassim" adlandırılıb.

Siyasət rubrikasından digər xəbərlər