Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Rayonlara leysan xarakterli yağışlar, bəzi dağlıq ərazilərə isə qar yağır. İntensiv yağan yağışlar bəzi ərazilərdə subasmalara səbəb olub.
Məsələn, intensiv yağan yağışlar nəticəsində Neftçala rayonunun Xəzər qəsəbəsində əkin sahələrinin bir hissəsində subasma hadisəsi baş verib. Subasma hadisəsi bir neçə fermerin əkin sahəsini əhatə edib. Fermerlərin bununla bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verməsindən sonra, fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri hadisə yerinə ezam edilib. Hazırda əkin sahələrinə dəyən zərər hesablanır və hadisənin səbəbi araşdırılır. İlkin rəylərə əsasən hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib.
Qeyd edək ki, Neftçalanın Xəzər qəsəbəsi təbiət hadisələrinə tez-tez məruz qalan və aqrar sığorta hadisələri baş verən ərazilərdəndir. Bu kəndin əkin sahələrində subasma hadisəsi ötən illərdə də qeydə alınıb və ərazidə baş verən sel-subasma hadisələrinə görə, indiyədək yerli fermerlərə çoxsaylı sığorta öənişləri edilib.
Bəs görəsən, yağıntılı hava şəraiti bütövlükdə kənd təsərrüfatına necə təsir göstərəcək?
Məsələni qəzetimizə şərh edən iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, əslində, bu cür hava şəraiti aqrar sahə üçün xeyirlidir: “Havanın nisbətən yağmurlu və soyuq keçməsi mart ayı üçün xarakterik haldır. Belə hava şəraitinin kənd təsərrüfatı sahəsinə çox böyük xeyri vardır. Belə ki, yağmurlu hava şəraitinin payızda əkilmiş bitkilərə, xüsusilə taxılçılıq və dənli paxlalı bitkilərin inkişafına böyük faydası var, heç bir mənfi təsiri gözlənilmir. Nəzərə alsaq ki, Azərbaycanda su çatışmazlığı mövcuddur və fermerlər hər il əkin sahələrini suvarmaqda böyük çətinliklər çəkirlər. Yağmurlu hava sanki bitkilərə can verdi. Bununla yanaşı qeyd etməliyəm ki, müşahidə olunan hava şəraiti Aran zonasında çiçəkləyən meyvə ağaçlarına ziyan verib. Yağmurlu hava tozlanma prosesini pozduğundan məhsuldarlıq aşağı düşür. Hazırda bəzi yerlərdə alça, albalı ağacları çiçəkləyib. Məhz həmin ərazilərdə məhsuldarlığın aşağı olması ehtimalı var”.