Yandex ikiyə bölündü, Rusiya aktivləri satıldı

10:28 06.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın post-SSRİ dövrünün ən mühüm innovativ və kommersiya uğur hekayələrindən hesab edilən Yandex-da tənəzzül müşahidə olunur. Şirkətin qurucusu Arkadiy Voloj Ukraynadakı gedən müharibəni pisləyərək ölkədən getdikdən və 2022-ci ilin dekabrında şirkətdən ayrıldığını elan etdikdən sonra Yandex-də davam edən bölünmə tamamlanıb.

Hafta.az-ın yazdığına görə, Niderlandda yerləşən Yandex NV Rusiyadakı Yandex aktivlərini ayrıca yerli konsorsiuma satmaq üçün müqavilə imzaladığını açıqlayıb. Sövdələşmənin qiymətinin 5,2 milyard dollar və ya 475 milyard rubl olduğu açıqlanıb.

Aktivləri satın alan konsorsiuma Rusiyanın ən böyük özəl neft şirkəti LUKoil, Aleksandr Çaçava məxsus LETA Capital və iş adamı Aleksandr Ryazanov daxildir.

Fəaliyyətini xaricdə davam etdirəcək Yandex NV iyulun 31-dək “Yandex” brendindən istifadə edəcək, daha sonra isə yeni brendlə fəaliyyətə başlayacaq.

Artyom Savinovski Yandex-in Rusiyadakı baş direktoru olaraq qalacaq.

Satış xəbərindən sonra Moskva birjasında Yandex-in səhmləri dəyərinin 9 faizindən çoxunu itirib.

Rusiya Yandex şirkəti xarici müəssisələr (Nebius, Toloka, Avride və TripleTen) və Finlandiyadakı məlumat mərkəzi istisna olmaqla, Yandex NV qrupunun bizneslərini, xidmətlərini və aktivlərini özündə saxlayacaq.

Yandex-in aktivlərini bölmək planları 2022-ci ilin noyabrında məlum olub. 2023-cü ilin oktyabrında Yandex NV-yə qrupu daxili olaraq yenidən qurmaq icazəsi verilib.