Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi Masallı, Saatlı və Sabirabad rayonlarına səfər edib.
Hafta.az-ın yazdığına görə, diplomat səfər çərçivəsində bu il “Ot kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardım Proqramı çərçivəsində həyata keçirilmiş 3 layihənin ərazi baxışını həyata keçirib. Bu layihələr “Masallı rayonunun Qodman kəndində tibb məntəqəsinin inşası”, “Saatlı rayonunun Əbil kəndində tibb məntəqəsinin inşası” və “ Sabirabad rayonunun Əlicanlı kəndində suvarma sisteminin bərpası” layihələridir.
Masallı rayonu Qodman kənd tibb məntəqəsinin baxışında səfirlə bərabər rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və layihəni icra edən təşkilatın nümayəndələri iştirak ediblər. Bu layihənin icrasınadək, Qodman kənd icra nümayəndəliyinin 1980-ci ildə tikilmiş binasının bir otağından tibb məntəqəsi kimi istifadə olunurdu. Lakin bu tikili köhnəlmiş vəziyyətdəydi və su xətti də çəkilmədiyi üçün bina tibb məntəqəsi kimi istifadəyə yararsız vəziyyətdəydi. Problemin həlli məqsədilə Qodman kəndində yeni tibb məntəqəsinin inşası üçün Yaponiya Höküməti tərəfindən 55 min dollar (təxminən 93500 manat) məbləğində yardım ayrılıb və həmin məntəqə 2021-ci ilin oktyabrından əhalinin istifadəsinə verilib. Bu günədək Masallı rayonunda Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən 4 qrant layihəsi icra olunub ki, onların ümumi məbləği 341590 dollardır (təqribən 580700 manat).

Saatlı rayonu Əbil kənd tibb məntəqəsinin baxışında səfirlə bərabər rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və layihəni icra etmiş təşkilatın nümayəndələri iştirak ediblər. Əbil kəndində 1956-cı ildə tikilmiş tibb məntəqəsinin binası olub. Amma bina qəzalı olduğu və işıq, qaz, su xətləri çəkilmədiyi üçün, oradan tibb məntəqəsi kimi istifadə qeyri-mümkünmüş. Problemin həlli məqsədilə Əbil kəndində yeni tibb məntəqəsinin inşası üçün Yaponiya Höküməti tərəfindən 60 min dollar (təxminən 102 min manat) məbləğində yardım ayrılıb və həmin məntəqə 2021-ci iliin oktyabrından əhalinin istifadəsinə verilib. İndiyədək Saatlı rayonunda Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən 8 qrant layihəsi icra olunub ki, layihələrin ümumi məbləği 734037 dollardır (təxminən 1247900 manat).
Sabirabadın Əlicanlı kənd suvarma sisteminin baxışında səfirlə bərabər rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və layihəni icra edən təşkilatın nümayəndələri iştirak ediblər. Əlicanlı kənd sakinləri suvarma üçün 1985-ci ildə qurulmuş suvarma sistemindən istifadə edirdi, lakin həmin sistem istismar müddətini başa vurduğundan kənd camaatının ehtiyacına uyğun su miqdarını təmin edə bilmirdi. Buna görə də su çatışmamazlığı səbəbindən əkinə yararlı torpağın xeyli hissəsi istifadəsiz qalmışdı. Problemin həlli məqsədilə Əlicanlı suvarma sisteminin bərpası üçün Yaponiya höküməti tərəfindən 67837 dollar (təxminən 115300 manat) məbləğində yardım ayrılıb və həmin suvarma sistemi bu ilin oktyabrından əhalinin istifadəsinə verilib. İndiyədək Sabirabad rayonunda Yaponiya Səfirliyi tərəfindən 5 qrant layihəsi icra olunub ki, onların ümumi məbləği 451450 dollardır (təxminən 767500 manat).

Qeyd edək ki, indiyədək Yaponiya Səfirliyi 268 yardım müqaviləsi imzalayıb. İcra olunmuş yardımın ümumi məbləği təqribən 22 milyon 560 min dollardan (təxminən 38 milyon 350 min manat) artıqdır.
Məlumatın sonunda deyilir ki, "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı qeyri kommersiya qurumlar vasitəsilə bilavasitə yerli əhalinin bəhrələnəcəyi qrant layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan yardım proqramıdır. Yaponiya Səfirliyi bundan sonra da bölgələrdə müxtəlif sahələrdə yerli əhalinin ehtiyacına cavab verəcək yardımların icrasını davam etdirəcək.