“Yaşıl enerji” potensialımız

21:00 04.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Hazırda dünya ölkələri Yer kürəsində ekoloji tarazlığı bərpa etmək üçün karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparırlar. Dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri isə “yaşıl enerji” keçidini sürətləndirməkdədir. “Yaşıl enerji” istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Qeyd edək ki, bərpa olunan və ya “yaşıl enerji” dedikdə, tükənməz olan mənbələrdən alınan enerji başa düşülür. Bərpa olunan enerjidən istifadənin əsas prinsipi onu texniki istifadəyə verməkdir. Bərpa olunan enerji təbii ehtiyatlardan əldə edilir - günəş işığı, külək, yağış və s. Neft, təbii qaz, kömür və uran filizi kimi yanacaqlardan fərqli olaraq, bu enerji mənbələri tükənmir. Buna görə də onları bərpa olunan enerji mənbələri adlandırırlar.

Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcək.

Proqnozlara görə, ilk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım

olacaq. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir.

Məlumat üçün qeyd edək ki, su elektrik enerjisi dünyada enerji istehlakının 3 faizini və elektrik enerjisi istehsalının 15 faizini təmin edən ən böyük bərpa olunan enerji mənbəyidir. Külək enerjisindən isə Avropa və ABŞ-da geniş şəkildə istifadə olunur. Lakin ümumilikdə götürsək, bərpa olunan enerjinin inkişafına investisiya qoyan ölkələr arasında Çin, ABŞ, Yaponiya və Böyük Britaniya liderlik etməkdədir.

 “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir. Məsələn, 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sənədə əsasən, Xəzər

dənizində istehsal olunacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulur.

 “Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası

istifadəyə verilmiş və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin

iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir.

Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji

istehsalına dair müqavilələr imzalanıb və müvafiq tədbirlər həyata keçirilir.

Artıq Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiallı “yaşıl enerji” mənbələrinə malikdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri çayı kimi çayların qollarında böyük hidroenerji imkanları mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait var. İlkin proqnozlara görə Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2000 MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və

Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı da mövcuddur.

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov da bildirib ki, Azərbaycanın "yaşıl enerji"ni xaricə ixrac etmək üçün potensialı var: "Bunu müxtəlif qiymətləndirmələr də təsdiqləyir. Məsələn, Xəzərətrafı, Abşeron yarımadasında külək enerjisi potensialı var. Eyni zamanda günəş enerjisi imkanları həm quruda həm də Xəzər dənizi üzərində yeni texnologiyaların tətbiqi ilə maksimum səviyyədə enerji istehsal etmə potensialı var. Bundan başqa, işğaldan azad edilən ərazilərdə də günəş və bərpa olunan enerji resursları potensialı var. Həmin ərazilərin yaşıl enerji əraziləri kimi inkişaf etdirilməsi əsas strateji hədəf kimi nəzərdə tutulur. Eyni zamanda bu istiqamətdə böyük investisiyalara ehtiyac var. Son dövrlərdə xarici investorları ilə birgə bərpaolunan enerji layihələri həyata keçirməyə başlayıb. Azərbaycan karbohidrogen resursları ilə zəngindir. İndiki şərtlər daxilində ölkəmizin görə biləcəyi enerji səmərəliliyi istiqamətində layihələrdir. Bu özü də kifayət qədər cəlbedici yanaşmadır və qənaətə imkan yaradır ki, bərpaolunan mənbələr hesabına istehsal olunan enerji ixrac üçün imkanlar yaratsın".

Ekspert vurğulayıb ki, Azərbaycanda ixrac baxımından infrastruktur da mövcuddur: "Elektrik enerjisi əsasən ölkəmizdən Gürcüstana ixrac olunur. Əgər iqlim dəyişiklikləri məsələləri qlobal sövdələşmə qüvvəsindən düşməzsə, Azərbaycan bu prosesə investor cəlb edərək öz yaşıl enerjisini Avropa bazarlarına çıxara bilər. Çünki enerji layihələrinin uğurla icrası baxımından Azərbaycan daha potensiallı görünür. Hökumətin bu istiqamətdə səyləri daha ciddi nəticələrə gətirib çıxaracaq".

Müşfiq