Son vaxtlar Azərbaycanla Hindistan arasında iqtisadi-ticarət əlaqələri sürətlə genişlənməkdədir. Ölkələrimiz arasında birbaşa hava reysinin açılmasının isə bu əlaqələrə daha güclü təkan verəcəyi qaçılmazdır. Hər il ölkəmizdə təşkil olunan Hindistan məhsullarının sərgisi, çox sayda mədəni tədbirlər, ticarətin həcminin yüksəlməsi kökləri qədim dövrlərə gedən Azərbaycan-Hindistan əlaqələrini arzulanan səviyyədə saxlayır. Özü də əlaqələrin inkişafında yalnız dövlət strukturları deyil, ayrı-ayrı işadamları da mühim rol oynamaqdadır. Bunlardan biri də hindistanlı işadamı, “Discover Azerbaijan” və “Walk About Group” şirkətlərinin rəhbəri cənab Maneş Şahdır.
Cənab Şahla Hindistan məhsullarının Bakıda təşkil olunmuş sərgisində ayaqüstü söhbətləşib, ölkələrimiz arasında gördüyü və görəcəyi işlər barədə məlumat almağa çalışdıq. “Bir neçə ildir Hindistandan Azərbaycana turist gətirməklə məşğulam. Bilirsiniz, hind turistlərin timsalında Azərbaycana gələn hər bir qonaq ölkəniz üçün yaxşı qazanc mənbəyidir. Çünki onlar otellərdə qalır, restoranlarda yemək yeyir, nəqliyyatdan istifadə edir, alış-veriş edir və sair. Bütün bunların qarşılığında isə Azərbaycana valyuta qazandırılır. Biz bu prosesi 2020-ci ilin mart ayınadək davam etdirdik. Çox təəssüf ki, koronavirus pandemiyasının yayılması işlərimizi bir müddət dondurdu” deyən cənab Maneş qeyd etdi ki, amma indi işini yenidən qurarkən məkan dəyişikliyi edib. Belə ki, hardasa 7 aydır Bakıdadır. Bayaqdan turist qruplarını birbaşa Hindistandan toplayıb gətiridisə, indi Azərbaycanda yerləşməklə, ölkəsindən hind turistləri cəlb edir.

Müsahibimiz deyir ki, koronavirus qadağaları aradan qalxdıqdan sonra sərhədlərin açıldığını görüb yenidən fəaliyyətini bərpa edib. Ötən aylar ərzində Hindistandan Azərbaycana çox sayda turist gətirə bilib. Onların arasında biznes nümayəndələri də olub, mədəniyyət xadimləri də, sadəcə gəzib-görmək istəyən səyahətçilər də.
Bir ölkədən başqa bir ölkəyə turist cəlb etmək çox yaxşı, amma onları yerləşdirmək və qayğısına qalmaq da lazımdır. Məsələn, onları yerləşdirmək, qidalandırmaq, gəzintilərini təşkil eləmək və sair. Maraqlıdır, cənab Şah bütün bunları qaydasına qoymaq üçün yerli təşkilat və şirkətlərlə əməkdaşlıq edirmi? Deyir ki, bəli. Bakıda təsis etdiyi “Discover Azerbaijan” şirkəti bu prosesi tənzimləməklə məşğuldur. Azərbaycanda bir sıra otellərlə, səyahət agentlikləri və sairlə əməkdaşlıq barədə müqavilə də imzalayıblar.
Maneş Şah deyir ki, azərbaycanlılar arasında Hindistana getmək istəyənlər çoxdur, amma təəssüf ki, onun şirkətinin əsas işi Azərbaycandan Hindistana deyil, əksinə, Hindistandan Azərbaycana turist gətirməkdir. “Hindistanın özündə də Azərbaycanı gəzib-görmək istəyənlərin sayı kifayət qədərdir. Təsəvvür edin ki, bir həftə ərzində Hindistandan Azərbaycana 600 turist gətirə bilmişəm. Amma bu rəqəm bizi kifayətləndirə bilməz. Çalışacağam ki, daha çox hindistanlı Bakı şəhərini və Azərbaycanın digər əsrarəngiz bölgələrini gəzib-görmək şansı qazansınlar”, - deyir Şah.
Ofisi Bakıda yerləşən bir şirkət əhalisinin sayı baxımından dünyanın ikinci ən böyük ölkəsindən bu qədər insanı necə cəlb edib Azərbaycana? Cənab Şah deyir ki, çox asan, onun yaxşı komandası var, bu işdə əllərindən gələni edirlər. Əlavə olaraq, mediaqrup da təsis edib ki, orada sırf təbliğat-təşviqat işləri aparılır.
Səfər edəcək turistlərə Azərbaycanın görməli yerlərini özündə cəmləyən turpaket təqdim olunur. “Onlar daha çox Bakını gəzib-görmək istəyirlər, xüsusilə də şəhərin mərkəzini, “Torqovıy” kimi tanıdığımız məşhur Nizami küçəsini. Əyalətlərə də aparırıq. Məsələn, Şəkidə, Quba və Qəbələ rayonunda olublar. Onu da unutmayaq ki, bura gələn hər bir turist həm də Azərbaycanın Hindistanda təbliğatçısıdır. Onlar vətənə qayıdandan sonra gəzib-gördüyü yerlər, xidmət və qonaqpərvərlik haqda danışacaqlar və beləliklə, insanlarda Azərbaycan haqqında təsəvvür yaradacaqlar” deyən cənab Maneş Şah əlavə edib ki, sentyabr və ya oktyabr ayı ərzində “Miss İndia 2018” gözəllik yarışmasının qalibi olmuş Hindistan gözəli Suman Çellani Azərbaycana gələcək. “Onun Azərbaycana səfərini təsadüfi təşkil etmədik. Çünki xanım Sumanın çox böyük izləyici kütləsi var. Onun Bakıdan paylaşımları əsl bomba effekti yaradacaq və nəticədə Azərbaycanı görmək istəyənlərin sayı artacaq. Bu da dolayısıyla, bayaq dediyim kimi, Azərbaycanın turizm sektoruna valyuta qazandıracaq”, - deyir müsahibimiz.
Müsahibimiz deyir ki, Hindistan çox böyük olduğundan turistləri hələlik iki bölgədən cəlb edirlər. Bunlar əsasən Qucarat ştatı və Munbay şəhəridir. Paytaxt Dehlidən də gəlirlər, amma sayları azdır.
Cənab Şah onu da əlavə edir ki, bu bölgələrdən gələn turistlər həm də zəngin insanlardır. Yəni maddi imkanları olduğu üçün gəzib-görmək istəyirlər və bütün hallarda onlar həm də Azərbaycanın Hindistanda təbliğatçısı olurlar.
“Müasir zamanda turizm dünyada ən inkişaf edən və daha çox gəlir gətirən sənaye sahəsi və ya biznesdir. Bizim şirkət də bu biznesdə iştirak edir və təbii ki, qazancı var. Amma əsas qayəmiz Hindistandan Azərbaycana daha çox turist gətirməkdir. Bu ilin sonunda - dekabrda investisiya konfransı təşkil etmək fikrimiz var. Turizm sektorunun inkişafında iştirak etmək, məsələn, otel, restoran və sair sahələrə investisiya qoymaq istəyən hər bir iş adamı həmin tədbirə dəvət olunacaq” deyən cənab Şah onu da bildirib ki, tədbirə Azərbaycanla yanaşı həm də Hindistandan və Böyük Britaniyadan hind əsilli iş adamları dəvət olunacaqlar.
Cənab Şah eyni zamanda, Hindistanın turizm səfiri olan, tanınmış aktrisa Bakti Kubavatın da Azərbaycana səfər edəcəyini bildirib.
Müsahibimiz onu da əlavə edib ki, o, bütün bu işləri şirkət olaraq özü edir. Amma əlbəttə, Hindistanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlığı var.
Hindistan dünyanın ən qədim tarixə və zəngin mədəniyyətə sahib ölkələrindəndir. Belə bir ölkədə doğulub-böyümüş insanlar Azərbaycandan qayıtdıqdan sonra daha çox nələri danışırlar, ölkəmizdə ən çox nələr onların diqqətini çəkir və sair. Maneş Şah deyir ki, Azərbaycan mətbəxi çox cəlbedicidir və birmənalı olaraq hind turistləri özünə çəkir. Azərbaycan milli yeməklərindən plov, dolma, balıq, kabab və sairi çox sevirlər. “Hər şey yaxşıdır, amma hind turistlərə yeganə çətinlik yaradan amil Azərbaycanda insanların ingilis dilini az bilməsidir. Yəni getdikləri bəzi bölgələrdə bu dili ya heç bilən olmur, ya da çox az adam danışır deyə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Amma hesab edirəm ki, turizmin inkişafı ilə paralel olaraq yaxın gələcəkdə Azərbaycanda ingilis dilinə də maraq artacaq”, - deyən Maneş Şah əlavə edib ki, o özü də hazırda Azərbaycan dilini öyrənir.
Cənab Şah çox təəssüflə qeyd edir ki, bu gün Hindistanda, o cümlədən təmsil etdiyi Qucarat kimi iri ştatda Azərbaycan haqqında çox az bilirlər. Bilənlər də ki, əsasən siyasətçilərdir, ya da oliqarx həyat yaşayanlar. “Bu çatışmazlığı aradan qaldırmaq üçün gediş-gəlişi artırmaq mütləqdir. İnsanlar nə qədər çox gedib-gəlsələr, ölkələri də bir o qədər yaxşı tanıyarlar. Bayaq da dedim: məsələn, Hindistandan gələn hər bir turist qayıdandan sonra öz yaxınlarına, dost-tanışlarına, iş yoldaşlarına burada gördüklərini danışacaqlar. İnternet dövrüdür, çəkdikləri videoları, şəkilləri sosial şəbəkələrdə paylaşacaqlar və beləliklə, Azərbaycan Hindistanda təbliğ olunacaq ki, bu da daha çox insanın Bakıya gəlməsinə maraq yaradacaq”, - deyib Maneş Şah.