Yay mövsümü olmasına baxmayaraq, dünya enerji bazarında təbii və mayeləşdirilmiş (LNG) qazın qiyməti qış mövsümündə olduğu kimi baha qiymətə satılır ki, bunun da əsas səbəbi Körfəzdə İran ilə ABŞ arasında hərbi əməliyyatların yenidən qızışmasıdır.
Hafta.az xəbər verir ki, hazırda Avropa bazarında qazın 1000 kubmetrinin qiyməti 700 dollara, Niderlandın TTF habında isə 716 dollara satılır. Bəzi Avropa dövlətləri ABŞ-dən maye qaz idxalını artırsalar da, tələbatı tam olaraq qarşılaya bilmirlər. Bununla yanaşı, yeraltı qaz anbarlarının doldurulması da olduqca ləng həyata keçirilir.
Avropa dövlətləri ərazisində yerləşən qaz anbaralarının heç birində doluluq nisbəti 55 faizi keçməyib. Qitə mətbuatı yazır ki, bir sıra ölkələr Rusiyadan təbii qaz idxalını bərpa etmək haqqında məsələ qaldırırlar. Avropa İttifaqı (Aİ) isə bunların qarşısını almaq üçün arqument tapa bilmir. Aİ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırsa belə yaxın bir neçə il ərzində qaz ixracı bərpa oluna bilməz. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya ilə Ukrayna arasında müharibə həddən artıq gərginləşib və tərəflər kompromisə getməkdən qətiyyən imtina edirlər. Digər tərəfdən isə qazın nəqli üçün vaxtı ilə yaradılmış infrastruktur və boru kəmərləri dağıdılıb, onların bərpası da hələlik mümkün görünmür. Buna baxmayaraq, Avropa dövlətləri Rusiyadan LNG almağa davam edirlər.
Financial Times” yazır ki, cari ilin ötən 6 ayı ərzində Aİ ölkələri Rusiyadan 6 milyard avro dəyərində 9,89 milyon ton LNG alıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.
Avropa ölkələrinin büdcəsində nəzərdə tutulmayan xərclər də gündən-günə artır. Enerji almağa yönələn vəsaitin yerini doldurmaq da olmur, çünki enerji qıtlığı iqtisadi artıma imkan vermir.
Körfəzdə müharibə davam etsə Avropa qışa qaz tədarükünü həyata keçirə bilməyəcək. Müharibə bu gün dayansa belə Yaxın Şərqin LNG ixrac edən ölkələri infrastrukturu və nəqliyyat yollarını tez bir zamanda bərpa edə bilməyəcək. Buna vaxt lazımdır. Görünən odur ki, qarşıdakı qış fəslində Avropada yenə də enerji böhranı yaşanacaq.