Bu il havanın qeyri-sabit keçməsi, bahar fəslinin birinci ayının olmasına baxmayaraq soyuqlu, qarlı, şaxtalı keçməsi təsərrüfat sahəsində çalışanları narahat etməyə başlayıb. Şaxtalı, qarlı hava çiçəkləyən ağacları məhv edib. Maraqlıdır, anomal keçən hava aqrar sahəyə necə təsir edir, məhsul tədarükündə zərərlər ola biləcəkmi?
Hafta.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli dedi ki, məsələyə ilk növbədə qış mövsümünün quraqlıq keçməsi prizmasından yanaşmaq lazımdır:
“Qış yağıntılı, şaxtalı, yaz isə günəşli keçməli idi. Biz isə 10 ilə yaxındır ki, bu prosesi görmürük. Buna iqlim dəyişmələri deyirik. Qış mövsümünün mülayim keçməsi, şaxtaların olmaması həm meyvəçilikdə, həm əkinçilikdə böyük risklərə yol aça bilər. Yəni lazımı nəmliyin toplanmaması bitkilər üçün uyğunsuzluq sayılır. Eləcə də zərərvericilərin aprel ayında aktivləşməsi olmalı idisə, indi qışın oğlan çağında bunu müşahidə edirik. Həmçinin fermerin qoyduğu maya dəyərinə əlavə xərcləri də artırmış olur. Bu il də elə oldu. Qış mülayim oldu. Dağlıq rayonlarda kəskin şaxtaları müşahidə etmədik. Azərbaycanda son dövrlər ilkin yaz əlverişli keçmir. Daha çox çiçək açan, tez yetişən meyvələr artıq havanın kəskin keçməsi nəticəsində bar vermir. Bunlar gülçiçəklilər fəsiləsindən olan meyvələrdir. Buna görə də əgər ağac 200 kq meyvə verəcəkdisə, hava ilə əlaqədar olaraq o aşağı göstərici ilə bar verir. Əkinçilik üçün bu dövr ideal dövrdür. Kollanma dövründə nəmlə, yağıntı ilə təmin olunması taxıl bitkiləri üçün çox əlverişlidir. Ona görə də taxıl üçün ciddi problemin olduğunu deyə bilmərik”.

Tərəvəzçilik Elmi-Tədiqiqat İnstitutun direktoru Elmar Alllahverdiyev isə dedi ki, kənd təsərrüfatı iqlim şəraitindən olduqca asılıdır, iqlim şəraitini insan tənizimləyə bilmir:
"Bu illərə qədər çağrışlar var idi ki, qlobal istiləşmələr gedir. Yağıntıların da miqdarı aşağı düşmüşdü. Dolayı yolla mütənasiblik yaranmışdı. Hədsiz istiləşmənin olması da torpaqda nəmliyin azalmasına gətirib çıxarmışdı. Bu isə bitkilərin lazımı suyu mənimsəməməsi deməkdir. Havaının quraq keçməsi aqrar sahədə bir az ləngimələrə səbəb oldu. Fevral ayının əvvəlləri isə yağıntıların miqdarı artdı. Bəzi dağlıq, dağətəyi rayonlarda isə bir qədər də artıq oldu. Bu da əvvəlki aylarla bir-birini tənizmləmiş oldu. Tərəvəz bitkilərinin 95 faizi suvarma şəraitində əkilir. Dəmyə tərəvəzçilik anlayışı o qədər də geniş yayılmayıb. Azərbaycanda əkilən kartof növünün əksəriyyəti dağətəyi rayonda dəmyə şəraitində əkilir. Dağlıq və dağətəyi rayonlarda əkilən kartof aprel ayından sonra əkilir. Ona görə də hava şəraitinin belə anomal keçməsi qorxulu nəsə vəd etmir. Qış ayında yağınıtın az olması payızlıq əkinə təsir etdi. Payızlıq əkindən sarımsaq, soğana təsirini hiss etmək olar. Sonradan isə yenidən yağıntıların arması nəmlik ehtiyatının balanslaşmasına gətirib çıxartdı".