Uzun müddətdir qaynar müharibə meydanına çevrilən Yəməndə Husi qiyamçıları tərəfindən girov saxlanılan İngiltərə, İndineziya, Filippin, Hindistan, Efiopiya və Myanmar vətəndaşlarından ibarət 14 nəfər azad edilib.
Hafta.az-ın yazdığına görə, bu barədə Oman Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Bildirilir ki, sözügedən girovlar məhz Oman tərəfinin ciddi səyləri və vasitəçiliyi nəticəsində azadlıqlarına qovuşublar.
Omanın Xarici İşlər Nazirliyi qeyd edib ki, məhz Sultan Heysəm bin Tarıkın, “müxtəlif ittihamlarla Yəməndə girov saxlanılan insanların azad edilməsinə yardım göstərmək barədə" təlimatına uyğun olaraq vasitəçilik edilib. “Oman Sultanlığı lazimi icazələrin verilməsi üçün qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqəli şəkildə bu müstəvidə iş aparıb. Səylərimizə müsbət cavab verən Sənadakı əlaqədar orqanlarla birlikdə fəaliyyət yürütdük və uğurlu nəticə əldə etdik", - Oman XİN-in açıqlamasında deyilir.
İngiltərənin Dövlət naziri Ceyms Kleverli twitter hesabından verdiyi açıqlamada Omanın sözügedən insani səylərini alqışladıqlarını bildirib və bunun üçün Oman hökumətinə təşəkkür edib.
Xatırladaq ki, azad edilən girovların bir çoxu heç bir günahı olmadan, hər hansı ittiham irəli sürülmədən 2017-ci ildən Yəməndə girovluqda saxlanılırdı.