Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Xəzər dənizində suyun səviyyəsinin sürətlənən azalmasının ekoloji fəlakət həddinə çatdığını bildiriblər. Ekspertlər xəbərdarlıq edirlər ki, dünyanın ən böyük qapalı hövzəsi olan Xəzər Aral dənizi ilə eyni aqibəti yaşaya bilər.
Hafta.az-ın yazdığına görə, Qazaxıstan rəsmiləri, bu il su səviyyəsinin daha da enərək, son 30 ilin ən aşağı səviyyəsinə çatdığını bildiriblər. Xüsusilə şimal-şərq sahillərində çəkilən suların yerində yeni quru bölgələr yaranır ki, bu da yerli əhalinin narahatlığına səbəb olur.
Bu dəyişikliyin səbəbləri bir çox amillərlə əlaqələndirilir. Volqa başda olmaqla, Xəzərə axan çaylarda axın azalsa da, son dörd ildə illik dənizə su axını 210-232 km³ səviyyəsində qalıb. Mərkəzi Asiya qlobal istiləşmə səbəbindən getdikcə quraqlaşır, bu da yağıntıların azalmasına və buxarlanmanın artmasına səbəb olur. Bundan əlavə, bölgədə neft hasilatı və artan duzsuzlaşdırma layihələri də su balansını pozur. Tokayev əsas səbəb kimi iqlim dəyişikliyini göstərsə də, prezident İlham Əliyev insan fəaliyyəti nəticəsində ətraf mühitə təsirləri vurğulayıb.
Gələcək proqnozlar pessimistdir. VNIRO eksperti Sergey Şipulin bildirir ki, suyun səviyyəsi 2030-cu ilə qədər daha bir metr aşağı düşə bilər, Avropa modelləri isə əsrin sonuna qədər dənizin 9-18 metr geri çəkiləcəyini, ərazisinin üçdə birini itirəcəyini proqnozlaşdırır. Bu vəziyyət nəinki biomüxtəlifliyi təhdid edəcək, həm də sahillərin səhralaşmasını gücləndirəcək və gəmiçiliyi əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Dərinliyin itirilməsi limanlarda tez-tez dərinləşdirmə əməliyyatlarının aparılmasını zəruri edəcək və böyük bərələr daha kiçik gəmilərlə əvəz olunacaq.
Ekspertlər vurğulayırlar ki, problemin həlli yalnız beş sahilyanı dövlətin əməkdaşlığı ilə mümkündür. 2018-ci ildə imzalanmış Xəzər Konvensiyası hüquqi əsas yaratsa da, ekoloji böhran birgə fəaliyyət planı tələb edir.
Rusiyalı alim Mixail Bolqov yaxın illərdə suyun səviyyəsinin daha da enməsinin qaçılmaz olduğunu bildirir. Politoloqlar həmçinin Xəzər dənizi ətrafında həyata keçirilən logistika layihələrinin (Orta Dəhliz, Şimal-Cənub xətti) suyun səviyyəsinin aşağı düşməsindən birbaşa təsirlənəcəyini vurğulayırlar.