Yeni Günəşlidə abadlıq işləri aparılır - FOTO

11:47 15.07.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

“Həftə içi” qəzetinin əvvəlki nömrələrində “Yeni Günəşlidə ağaclar yandırılır” başlıqlı yazı dərc olunub. Həmin yazıda bildirilir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Yaşayış Masssivində – 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının aşağı tərəfindəki “Qum və sement bazarı”nın yaxınlığında yaşıllıq olan ərazidə yanğın hadisəsi baş verib. Ərazidən quru alaq otlarını təmizləmək və ağacları sulamaq əvəzinə, hər il beləcə od vurub yandırırlar. Bir tərəfdən yaşıllıqlar tələf olur, digər tərəfdən isə ekoloji baxımdan hava çirklənir.

Suraxanı rayon MKTB 68 saylı Mənzil Kommunal İstismar Sahəsinin baş mühəndisi Vüqar  Məmmədov “Həftə içi”nə bildirdi ki, məqalənin çapından iki gün sonra, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov həmin ərazidə olub. Onun sözlərinə görə, rayon rəhbərliyi “Qartal kompleksi”ndən tutmuş, 24 saylı Birləşmiş Şəhər Xəstəxanasına kimi, təxminən, 20 hektardan çox əraziyə baxış keçirib: “Sonra başçı sözügedən ərazidə təmizlik və abadlıq işlərinin aparılması üçün aidiyyəti qurumlara tapşırıq verib. Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun  rəhbərliyi ilə əraziyə işçi qüvvəsi və texnika cəlb olunub, təmizlik işləri aparılıb. Əvvəlcə  uzun illərdir  yerdə yıxılı vəziyyətdə qalmış quru ağaclar və qabarit tullantılar ərazidən çıxarılıb. Eyni zamanda yaşıl ağaclarda budanma işəri aparılıb”.

 Vüqar Məmmədov həmin ərazinin rayon rəhbərliyinin nəzarəti altında olduğunu da söylədi. Onun sözlərinə görə,  ərazidə bir sıra təmizlik işləri aparılıb: “Su maşınları vasitəsilə ağaclar suvarılıb. Bu işlər indinin özündə də davam edir. Hələlik havalar çox isti keçir. Payız əkin mövsümündə qurumuş  və yanmış ağacların yerində yaşıllıqların salınması və eləcə də binaların həyətlərində abadlıq işlərinin aparılmasına başlanılacaq”.

Sakinlər aparılan təmizlik işlərinə görə, Suraxanı RİH başçısı Əziz Əzizova, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədova və eləcə də “Həftə içi” qəzetinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.