Yeni hava limanları açılır – aviabiletlər ucuzlaşacaqmı?

18:30 28.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Digər ölkələr ilə müqayisədə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti şirkətində (AZAL) istənilən istiqamətə bilet qiymətlərinin təxminən iki dəfə baha olması məsələsi ölkədə tez-tez gündəmə gələn məsələlərdən biridir.

Hətta, bununla bağlı, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə əlaqədar "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) şirkətinin fəaliyyətinə tənqidlə yanaşması da oldu. Daha sonra mövzu millət vəkili Qənirə Paşayeva tərəfindən Milli Məclisdə də gündəmə gətirildi. Ancaq hələ də xarici uçuşlarda qiymətlər necə deyərlər “od tutub yanır”.

Xatırladaq ki, yaxın günlərdə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Gələcəkdə isə, azad edilmiş digər ərazilərdə - Laçın və Zəngilanda aeroportların istifadəyə verilməsi nəzərdə tutulur. Bəs görəsən yeni fəaliyyətə başlayacaq hava limanları biletlərin qiymətinə nə kimi təsir göstərəcək? Şaxələndirilmiş hava nəqliyyatı qiymətlərin ucuzlaşmasına şərait yarada bilərmi?

Məsələ ilə bağlı hafta.az-a danışan “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski bildirdi ki, ölkədaxili uçuşların qiymət məsələləri Tarif Şurası tərəfindən tənzimlənir. O ki qaldı yeni açılacaq hava limanlarının xarici uçuşlar zamanı qiymətlərə təsirinə mətbuat katibi bununla bağlı hələlik məlumatının olmadığını bildirdi:

“Yeni açılacaq hava limanlarının xarici uçuşların ucuzlaşmasına təsir edib- etməyəcəyi ilə bağlı bizdə hələlik heç bir məlumat yoxdur. Əgər hər hansı bir yenilik olarsa mətbuata açıqlama veriləcək”.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkədə yeni hava limanlarının açılmasının daşınma qiymətlərinə və uçuşlara heç bir təsiri olmayacaq: “Xatırlayırsınızsa, bundan öncə də ölkəmizdə bir neçə aerport fəaliyyətə başlamışdı. Bura Naxçıvan, Lənkəran, Zaqatala, Qəbələ hava limanları daxildir”.

Ekspert hesab edir ki, ölkədə hava nəqliyyatının ucuzlaşması üçün ilk növbədə aerportların idarə edilməsi AZAL-ın manopolyasından çıxarılmalıdır:

“Burada həm aeroportların, həm də uçuşların idarə olunması eyni şirkətdə cəmlənməsi rəqababətli mühitin yaranmamasına səbəb olur. Bundan başqa, əgər biz ucuz hava nəqliyyatı və keyfiyyətli xidmət istəyiriksə burada aeroportların və AZAL-ın özəlləşdirilməsi vacibdir. Biz özəlləşdirməyə getsək, onda rəqabət yaranar və yalnız bundan sonra ucuz qiymət, keyfiyyətli xidmət görə bilərik”.