Yeni qurum yaradılacaq

13:00 23.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte arasında Qrenlandiya üzrə əldə edilən çərçivə razılaşması ehtiyatların hasilatına nəzarət etmək üçün xüsusi qurumunun yaradılmasını əhatə edə bilər.

Hafta.az xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin iddiasına görə, adadakı yataqların kəşfiyyat hüquqlarına nəzarət edəcək həmin qurum Çin və Rusiyanın Qrenlandiyada resurs hasilatında iştirakının qarşısını almaq üçün nəzərdə tutulub.

Bundan əlavə, müqavilədəki digər bir bənddə Qrenlandiya ilə bağlı razılıq əldə olunduqdan sonra Avropa İttifaqı və ABŞ-ın qarşılıqlı tariflərdən imtina edəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, Donald Tramp və NATO-nun Baş katibinin görüşü Qrenlandiya üzrə mümkün razılaşmaların konturlarının hazırlanması ilə nəticələnib. Vaşinqton administrasiyasının rəhbəri bundan əvvəl dəfələrlə Qrenlandiyanın ilhaqının ABŞ-ın milli təhlükəsizliyinin gücləndirilməsi və “Golden Dome” raketdən müdafiə sisteminin effektiv yerləşdirilməsi üçün vacib olduğunu bildirmişdi.

“Axios” portalının yazdığına görə, Mark Rüttenin Donald Trampa təklif etdiyi saziş layihəsində Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunması və adanın müdafiəsi ilə bağlı 1951-ci il sazişinin şərtlərinin yenilənməsi nəzərdə tutulur. Bu, zərurət yaranacağı təqdirdə ABŞ-a adada hərbi bazalar və müdafiə zonaları yaratmaq imkanı verəcək.