Bu gün Azərbaycanın tranzit ölkə kimi beynəlxalq əhəmiyyəti sürətlə artır. Təbii ki, bu hal heç də təsadüfi deyil. Məhz ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uzaqgörən siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin bariz nümunəsidir. Qeyd edək ki, ümummilli liderin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri Azərbaycanın quruculuq salnaməsinin ən zəngin səhifələrindən hesab etmək olar. Həmin illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil oldu.
“Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” vurğulayan dahi lider hakimiyyətdə olduğu dönəmdə həm də yeni nəqliyyat strategiyasının təməlini qoyur. Belə ki, hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyevin ardıcıl diqqət və qayğısı sayəsində Azərbaycanda nəqliyyat sektoru xeyli təkmilləşir, inkişaf edir. Sahəyə göstərilən diqqətin nəticəsi olaraq 1970–ci ildə Azərbaycan SSR–də nəqliyyat və rabitəyə 147 milyon manat, 1982–ci ildə isə 214 milyon manat əsaslı vəsait qoyulur və 1970–1982–ci illərdə nəqliyyat sahəsində əsas fondların artımı 79 faiz təşkil edir. Bu illər ərzində baş dəmir yollarının istismar uzunluğu 181,1 kilometrdən 1903 kilometrə, elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 794 kilometrdən 1111 kilometrə, stansiya yollarının ümumi uzunluğu 954 kilometrdən 1343,5 kilometrə çatır, 372 ədəd yeni yoldəyişdirici quraşdırılır.
XX əsrin 70-ci illərində Heydər Əliyevin tövsiyəsi ilə Yevlax–Balakən dəmir yolu xəttinin tikintisi üzrə 6 yeni stansiya və vağzal binası (Balakən, Zaqatala, Qax, Şəki, Xanabad) istifadəyə verilib. Elə bu illərdə Sumqayıt, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı (indiki Şirvan), Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Daşburun, Horadiz, Bərdə, Ağdam, Xankəndi stansiyalarında müasir vağzal binaları, Culfa stansiyasında xarici ölkələrdən gəlib-gedənlər üçün yeni vağzal binası və qonaq evi, Bakıda yeni sərnişin vağzalı inşa olunur. 1970-1982-ci illərdə dəmir yolunda yük dövriyyəsi 10 min 917 milyon ton artaraq 35 min 510 milyon ton, sərnişin dövriyyəsi isə 581 milyon sərnişin artaraq 2257 milyon sərnişin olur. O cümlədən avtomobil nəqliyyatının infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində 1970-1982-ci illərdə avtomobillə yük dövriyyəsi 4824 milyon ton və ya 2,3 dəfə artır. Təbii ki, analoji hal hava və su nəqliyyatında da müşahidə edilir, hər iki növ üzrə sərnişin və yük daşınması, eləcə də dövriyyəsində ciddi artımlara nail olunur. Eyni zamanda, həmin illərdə qəbul olunmuş “Azərbaycan SSR-in avtomobil yollarının tikintisi, təmiri və təminatını yaxşıllaşdırmaq üçün gələcək tədbirlər haqqında” qətnamə respublikamızda avtomobil yolları şəbəkəsinin genişləndirilməsinə, yol infrastrukturunun yenidən qurulmasına imkan yaradır. Məhz həmin sənədə əsasən, yolların keyfiyyətini Ümumittifaq səviyyəsinə qaldırmaq üçün yol infrastrukturunun inkişafına yönəldilən kapital qoyuluşunun həcmi xeyli artırılır. Bütövlükdə XX əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən Azərbaycanda nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi və yol tikintisi sahəsində həyata keçirilən quruculuq işləri müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə mövcud tənəzzülü dayandırır və tərəqqiyə nail olur. Bu istiqamətdə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” xüsusilə diqqəti cəlb edir. Məlumdur ki, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalanır. Bununla da, milli iqtisadiyyatın inkişafında xüsusi rol oynayan, bütün sahələrdə əldə edilən uğurların əsas təkanvericisi olan “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlanır. Həmin vaxt “Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə dahi şəxsiyyətin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə də “Üç dənizin əfsanəsi” adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.
Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASECA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsində də ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti əvəzsiz rol oynayıb. 1998-ci ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxaq konfransın məhz Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Yeri gəlmişkən, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdikləri konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çox mühüm sənədin imzalanması əlverişli geosiyasi mövqedə yerləşən Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyini daha da artırdı.
Yeri gəlmişkən xatırladaq ki, 1993-cü ilin may ayında Brüsseldə təşkil edilmiş konfransda TRASECA Proqramının (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) təşəbbüskarlarından biri də məhz Azərbaycan Respublikası olub. Konfransın yekununda TRASECA Proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib. TRASECA Proqramı çərçivəsində, eləcə də Proqramdan irəli gələn Əsas Çoxtərəfli Sazişin hədəflərinin reallaşdırılması məqsədilə ölkəmizdə çoxsaylı və genişmiqyaslı layihələr həyata keçirilib. Xüsusilə, 1998-ci ildən sonra ardıcıl şəkildə icra olunan proqram və layihələr nəticəsində milli nəqliyyat sisteminin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə edilib.
Hazırda Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ölkə başçısı cənab İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, eləcə də regionların inkişafında müstəsna rol oynayıb. Bu gün müstəqil Azərbaycan sürətli və dinamik inkişaf yolunda inamla irəliləyərək regionun lider dövlətinə çevrilib, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınır.
“Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik” deyən dövlət başçısının rəhbərliyi ilə Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görülür. Nəhayət Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verir. Bunun bariz nümunəsi olan və dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir.
Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən və 4 hektara yaxın ərazidə tikilən Ələt terminalı isə ölkəmizin nəqliyyat-tranzit və logistika imkanlarını daha da artırıb. Ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi (Ələt) ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Eyni zamanda, Azərbaycanın əsas dəmir yolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edərək regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır.
Bütün bunlar onu göstərir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş nəqliyyat strategiyası hazırda uğurla davam etdirilir. Onun ideyası ilə görülən işlər nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində vacib rol oynayır və uzun illər də oynamağa davam edəcək.