Yoqa məktəbi seks kultuna çevrilib

10:47 13.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Argentinada Buenos Ayres Yoqa Məktəbinə (BAYS) qarşı iş açan prokurorlar bunun seks kultu olduğunu iddia edirlər.

Hafta.az-ın yazdığına görə, prokurorlar məktəbin qurucusu Jan Perkoviç və ən azı 10 nəfəri BAYS-i seks kultuna çevirməkdə ittihamlayırlar. BAYS-də bəzi qadınların fahişəliyə məcbur edildiyi və bundan əldə edilən gəlirin daşınmaz əmlak sektorunda yuyulduğu bildirilir.

Məktəb ilk dəfə 1990-cı illərdə irəli sürülən ittihamlarla gündəmə gəlib. Argentinalı bir ailə BAYS-ə gedən qızlarının "beyninin yuyulduğunu" iddia edib. Sonrakı araşdırmada BAYS-in bəzi keçmiş üzvləri "qul" kimi işləməyə məcbur edildiyini və fahişəliyə yönəldildiklərini deyiblər.

“New York Times”ın məlumatına görə, 2000-ci ildə məktəbə qarşı işə xitam verilib, çünki o vaxt Argentinada insan alveri və çirkli pulların yuyulmasına qarşı qanunlar mövcud deyildi.

Argentinalı prokurorların yeni işində məktəbin 2004-cü ildən bəri fəaliyyəti araşdırılır.

Polisin 2022-ci ildə BAYS-də keçirdiyi reydlər zamanı 1 milyon dollardan çox nağd pul, 5 qızıl külçə və pornoqrafik filmlər, o cümlədən Amerika banklarından çek kitabçaları və bəziləri ABŞ-da yaşayan varlı şəxslərə aid sənədlər aşkar edilib.

Argentina prokurorları, prosesdə Amerika rəsmiləri ilə koordinasiya etdiklərini müdafiə ediblər. ABŞ Ədliyyə Nazirliyi qəzetin şərh tələblərinə cavab verməyib.

Prokurorlar iddia edirlər ki, apardıqları araşdırmalarda BAYS-də yaşayan 7 qadın yetkinlik yaşına çatmayanda ailələri tərəfindən bura göndərilib və fahişəliyə məcbur edilib. Lakin qadınlar bu iddialarla razı deyillər.

Perkoviçin vəkilləri və barələrində ittiham irəli sürülən BAYS rəhbərləri iddiaların həqiqəti əks etdirmədiyini bildirirlər. Perkoviçin vəkili Xorxe Daniel Pirozzo, "Bu, insan alveri qurbanlarının olmadığı bir insan alveri hadisəsidir. Heç kimin cinsi istismara məruz qaldığı sübuta yetirilməyib" deyib.

Bununla belə, prokurorlar iddia edirlər ki, Perkoviç və digər məktəb rəsmiləri illərdir qadınları psixoloji manipulyasiya ediblər və qurbanlar fahişəliyə məcbur edildiyini boyunlarına almırlar.

Prokurorlar iddia edirlər ki, BAYS-in gəlirinin böyük hissəsi Argentina və ABŞ-da daşınmaz əmlak vasitəsilə yuyulan seks alveri fəaliyyətlərindən əldə edilib. Müvafiq olaraq, 2020-ci ilin dekabr ayı etibarilə BAYS-in ümumi aktivlərində təxminən 50 milyon dollar olduğu təxmin edilir.

Dostunun dəvəti ilə 1993-cü ildə BAYS-də yoqa dərslərindən birinə qatıldığını deyən Katerina Sanfelice, Perkoviçin ona "Allah kimi baxdığını" ifadə edib.

Əri ilə dərsə getdiyini ifadə edən Sanfelice bir anda üzvlərin qrup seks partisi üçün soyunmağa başladığını bildirib. Sanfelice iki qadının həyat yoldaşlarına birlikdə olmaq təklifi etdiyini bildirib.

Bərbər Sanfelice həyat yoldaşının bu hadisədən sonra onu tərk edərək BAYS-ə qoşulduğunu əlavə edib.

BAYS-in 1990-cı illərin ortalarında Çikaqo, Nyu York və Las Veqas kimi şəhərlərdə filiallar açıb. Bildirilib ki, bu yerlər daha çox alimlərin, iş adamlarının və musiqiçilərin qatıldığı sağlamlıq təhsili ocağı kimi şöhrət qazanıb.

Xəbərdə bildirilib ki, hər hansı ABŞ siyasətçisinin BAYS üzvü olduğuna və ya Argentina rəsmiləri tərəfindən araşdırıldığına dair heç bir dəlil yoxdur.

İlk məhkəmənin nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.

Oxunma sayı 179