Yunan Kiprində Türkiyə və türklərə qarşı mübarizə aparacaq yeni terror təşkilatı yaradılıb. “İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı” adı ilə qurulan təşkilat Yunanıstanın Osmanlılara qarşı üsyanının simvolu olan od və balta fiqurlarından simvol kimi istifadə edir.
Hafta.az-ın yazdığına görə, terror təşkilatının məqsədinin “işğalçı” olduğunu iddia etdiyi Türkiyə ilə mübarizə olduğu bildirilir.
Terror təşkilatı "İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı" bəyannamə mətni ilə yaradıldığını açıqlayıb. Bəyannamə mətnləri avtomobillərin şüşəsilənlərinə yapışdırılaraq və ya qapıların altından evlərə atılaraq paylanılıb.
Türkiyə əleyhinə bəyannamənin mətnində "Ən böyük problemimiz olan türk işğalının sülh yolu ilə həllini 50 il səbirlə gözlədik. Təəssüf ki, bütün cəhdlər boşa çıxdı və vətənimizin yarısı işğalçı türklərin əsarətində qaldı. Ona görə də bu gündən etibarən türk iradəsi ilə uzunmüddətli mübarizəyə başladıq. Vətənimizi, əsirlikdə olan torpaqlarımızı xilas etmək üçün bütün gücümüz və vasitələrimizlə vuruşun!” deyilir.
Kiprli yunanlar, kipr türkləri, maronitlər və ermənilərə də qondarma “azadlıq, ədalət və müstəqillik uğrunda mübarizəyə” qoşulmağa çağırış edilib.