Zəlzəzə Azərbaycanın düşmənlərini hərəkət gətirdi

10:23 16.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycanın düşmənlərini də hərəkətə keçirib. Ankaranın başının faciənin nəticələrinin aradan qaldırılmasına qarışdığını fürsət bilən İran və Ermənistan yenidən fəallıq nümayiş etdirirlər. Keçən həftə iki ölkənin sərhəddə təxribat planları ifşa olundu, ardınca isə, İranın Ermənistandakı səfiri açıq şəkildə Zəngəzur dəhlizinin açılacağına imkan verməyəcəklərini bəyan etdi. İndiki şəraitdə bu təhdidlər nə dərəcədə realdır və zəlzələ amili Azərbaycan-Türkiyə həmrəyliyinə təhlükəsizliyin təmini baxımından hansı təsirləri göstərib?  

Hərbi ekspert Elxan Şıxəliyevin qənaətincə, Türkiyədə baş verən zəlzələdən sonra İran və Ermənistan xüsusi xidmət orqanlarının siyasilər səviyyəsində mediaya sızdırdığı Laçın- Qubadlı istiqamətdində həyata keçirməyi planlaşdırdıqları  diversiya -təxribat fəaliyyətləri heç də təsadüfi sayılmamalıdır. 

E.Şıxəliyev hesab edir ki, nəzəri və praktik olaraq İranın SEPAH qüvvələri ilə Ermənistan xüsusi xidmət orqanları bu ssenarinin planlaşdırılmasının marağındadırlar. Onun fikrincə, İran Ermənistanın istəyi üzərindən mümkün ola biləcək bu təxribat fəaliyyətini icra etməklə öz hərbi gücünü Ermənistanın cənubunda, xüsusən Gorus bölgəsində yerləşdirmək istəyir.

Ermənistan isə Rusiya silahlı qüvvələrinin, Federal Sərhəd Xidmətinin ərazisindən çıxarılmasını nəzərə alıb özünün təhlükəsizliyini təmin etmək üçün belə addımlar atır. Ermənistan bu boşluğun bir hissəsini Avropa İttifaqından gətirilən 200 nəfərlik texniki heyətlə doldurmaq istəyir: "İran özü də maraqlıdır ki, ən azı Zəngəzur dəhlizi bölgəsində hərbi mövcudluğu olsun. İranın Zəngəzur yolunun açılması ilə bağlı bir ehtiyatlanması var. İran narahatdır ki, Zəngəzur dəhlizi açılmış olarsa  Azərbaycan- Naxçıvan- Türkiyə tranzit yolu üzərindən qazandığı dividendlər itirilisin”.

E.Şıxəliyev bildirir ki, İranın Azərbaycanla düşmənçiliyi iqtisadi çıxarları üzərinədir: “İran çalışacaq ki, Zəngəzur yolu İran ərazisindən keçsin ki, İran bundan iqtisadi dividend qazanmış olsun. Əslində, İranın Azərbaycanla davası iqtisadi çıxarları üzərinədir və Ermənistan da bunu özünə alət edir. Yəni əvvəl öz istəklərini Rusiyanın hesabına həyata keçirən Ermənistan indi də bunu İranın hesabına etməyə çalışır. İndi isə Rusiyaya güvənmir, Fransa da uzaqdadır. Ona görə də yaxın qonşusu İranı prosesə cəlb edir”.

Hərbi ekspert belə bir fonda hesab edir ki, İran Ermənistanla birgə Azərbaycana qarşı müharibəyə başlaya bilər. Eyni zamanda qeyd edir ki, İran Türkiyə və Rusiya ilə müharibə vəziyyətinə gələcək qədər buna cürət etməz: 

“İndiki vəziyyətdə İran fərqindədir ki, üçüncü ölkələr onu hansısa bir ölkəyə müharibəyə sövq edir. Müharibələr hərbi və iqtisadi güc nisbəti üzərindən qurulmalıdır. İran da, Ermənistan da bunun fərqindədir.  Ona görə də nə İran, nə Ermənistan müharibə aparacaq gücə malik deyillər”. Bütün bunlara baxmayaraq, ekspert Azərbaycanın mövcud ola biləcək hər cür təhdidlərə hazır olduğunu mühüm hesab edir.

Hərbi ekspert Emin Həsənlinin fikrincə, İranın hər zaman Azərbaycanın düşməni olan Ermənistana hərtərəfli dəstək göstərdiyi hər kəsə məlumdur.

“İran Qarabağ müharibəsi başlanandan Ermənistana hər cür dəstək verib.  Əgər İrandan Ermənistana verilən dəstək əvvəl üstüörtülü idisə, II Qarabağ savaşından sonra  açıq formaya keçdi. İran gah bizim sərhədlərimizdə hərbi təlimlər keçirir, mollaları Azərbaycan haqqında hədyanlar danışır, gah da müharibə ilə hədələyirlər. Eləcə də erməni-İran rəsmiləri bir-birinə rəsmi səfərlər edir, İran “Zəngəzur dəhlizinin açılmasına imkan vermərik”, – deyə çıxışlar edir.  Azərbaycanın sosial mediasında həyasızcasına təbliğat aparırlar. İran son dövrlər Ermənistana açıq hərbi yardımlar göstərir, pilotsuz uçuş aparatları, digər hərbi texnikalarla təchiz edir”.

E.Həsənli buna qarşı dövlətimizin lazımi addımlar atdığını da bildirib. O, qeyd edib ki, Azərbaycanın Dəmir Yumruğu öz yerindədir.

“Hansısa təxribat olacaqsa, bunun qarşısı zamanında alınacaq. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb, heç bir kəsə milli maraqlar üzərindən güzəştə gedilməyib. İndən sonra da düşmənə heç bir güzəşt ola bilməz. Azərbaycan dövləti üçün əsas məsələ Azərbaycanın bütövlüyü, təhlükəsizliyi məsələləridir və bu, yüksək səviyyədə qorunur, gələcəkdə də qorunacaq. İran da “gözü çıxmış” qardaşından nəticə çıxarmalıdır.Ermənistanın isə mövcudluğu Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçir. Bunu nə qədər tez başa düşsələr onun üçün daha yaxşı olacaq. Gec anlayacaqsa, bu onların özünə zərər verəcək”.

“İranın Ermənistanla birləşərək Azərbaycana hücum etmək niyyəti real deyil. İran bundan əvvəl ərazisində yaşayan 40 milyon azərbaycanlının da gücünü nəzərə almalıdır. Digər tərəfdən, bu gün İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini deyirsə, unutmamalıdırlar ki, o yol Ermənistan ərazisindən keçir. Bu ölkə 9 bənddən ibarət olan üçtərəfli sazişə imza atıb və o bəndlərdən biri də Zəngəzur yolunun açılmasını tövsih edir”.

Bunu isə "Həftə içi"nə hərbi ekspert Şair Ramaldanov deyib. Ekspert hər bir məsələ ətrafında müxtəlif ehtimalların yaranmasını mümkün hesab etsə də, məntiqlə reallaşmasının mümkün görünmədiyini qeyd edib:

“Bu gün bu iki dövlət arasında yaranan soyuqluq Ermənistanın və İranda olan ermənipərəst qrupların bölgədə gərginliyi yaratmaq üçün apardığı hibrid müharbə elementlərindən istifadə edərək göstərdiyi səylər nəticəsində baş verib. Amma İranın müəyyən mərhələlərdə Azərbaycanla münasibətlərində müəyyən soyuqluq yaransa da, sonradan dövlətlər bir-biri ilə dil tapıb məsələləri həll ediblər. Yəqin ki, İran bunu anlamalıdır”.

Ş.Ramaldanov, eyni zamanda, İranda 40 milyon azərbaycanlının olduğu faktına diqqət çəkib. Ekspert  bunu əsas faktor kimi önə çəkərək, əhalisinin yarıdan çoxu azərbaycanlı olan İranın belə müharibə addımı ata bilməsini real saymayıb. Onun fikrincə, bu fakt İranın özü üçün kamikadze dronlarına bərabərdir:

“İranın digər qonşu dövlətlərə də dostluq əlaqələri yaxşı deyil. Hazırda İran yalnız Ermənistanla isti münasibət qurub. Burada da müəyyən faktorlar var. İranda olan müəyyən ermənilər və ermənipərəst insanlar öz maraqları müstəvisində şəbəkə yaradıb, öz nümayəndələrini müəyyən vəzifələrə yerləşdirə biliblər”.

Hərbi ekspert Ermənistanın, ümumiyyətlə, müharibə aparmaq üçün heç bir gücə sahib olmadığını qeyd edib:

“Ermənistanın ordusu dağılıb, sənaye, iqtisadi potensialı məhv olub, sosial problemlər həddən artıqdır, siyasi qarşıdurma var. Bütün bunları nəzərə alsaq, əslində Ermənistan İran üçün lazım deyil. Ermənistan İrana ancaq yük ola bilər”.

Ş.Ramaldanov Azərbaycanın müasir, müharibədən uğurla çıxmış, daim öz döyüş potensialını artıran ordusuna diqqət çəkib:

“Azərbaycanın yanında güclü, NATO üzvü olan Türkiyə kimi dövlət var. İran bilir ki, müharibə edərsə yanımızda Türkiyəni görəcək. İran Azərbaycan-Türkiyə birliyi ilə qarşılaşmaq istəməz. Hələ Azərbaycanla dostluq əlaqələri olan digər islam ölkələrini demirəm. Eləcə də İsrail, ABŞ İranın molla rejiminin çökməsini istəyir və bu istiqamətdə işlər gedir. Bütün bunları nəzərə alaraq, ermənilər və onların havadarları hücum istəyi ilə bağlı hansısa fikir söyləsələr də reallıqdan uzaqdır. Bunun həyata keçmə ehtimalı yox səviyyədədir”.

Ekspert qeyd edir ki, Azərbaycanın müdrik siyasətçisi, Ali Baş Komandanı İlham Əliyev sülhə, əmin-amanlığa çağırış siyasəti nəticəsində İranla da bu soyuqluğa son qoyulmasına nail olacaq:

“İran haqsızlıq etdiyini bilir. Şübhəsiz,  Azərbaycan rəhbərliyi İranla münasibətlərini Azərbaycanın maraqlarına uyğun aparacaq. Azərbaycanın siyasəti qonşuluğa, sülhə yönəlib. Azərbaycan heç bir dövlətə işğal niyyəti ilə baxmır, öz haqq işinin marağındadır. Ortada 9 bənddən ibarət üçtərəfli Bəyannamə var və Ermənistanın götürdüyü öhdəliklər var. İranın Zəngəzur dəhlizi ilə bağlı müəyyən fikirləri ola bilər. Amma Zəngəzur Ermənistan ərazisindən keçir. Ermənistanın baş nazri həmin sənədə imza atıb, cavabdehlik daşıyır. Bütünlüklə hazırda İranın Azərbaycana qarşı hərbi addım atmağa əsası yoxdur, real deyil”.

Siyasət rubrikasından digər xəbərlər