Zəngəzur Yolu açılandan sonra türk dövlətləri ilə əlaqələrimiz genişlənəcək - Eldar Quliyev          

16:41 12.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Hər kəsin arzusu idi ki, bütün türkdilli dövlətlər bir təşkilatda birləşsin. Türk Şurasının Türk Dövlətləri Təşkilatı adını alması üzv dövlətlərə qərarların qəbul edilməsi zamanı mühüm səlahiyyətlər verməklə yanaşı, öz işini gücləndirmiş olacaq.  Bu, daha səlahiyyətli bir qurum kimi əlaqələrin getdikcə daha da inkişaf etdirilməsini nəzərdə tutur. Düşünürəm ki, Zəngəzur Yolu açılandan sonra türk dövlətləri ilə əlaqələrimiz daha da genişlənəcək”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Eldar Quliyev bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının VIII Zirvə Toplantısı və bu qurumun bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyət göstərməsi və əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
E.Quliyev hesab edir ki, bu təşkilat dünyanın dörd bir yanında yaşayan türklərin koordinasiya olunmasında böyük imkanlar əldə edəcək. Onun sözlərinə görə, bu gün Moldovada, Çində, İraqda və sair ölkələrdə yaşayan türk xalqlarının da Türk Dövlətləri Təkilatına qoşulması imkanı yarana bilər.

“Hesab edirəm ki, bu gələcəyə hesablanmış böyük addımdır. Türk dövlətləri qlobal dünyada baş verən proseslərdə bir çox məsələləri bir yerdə həll edə bilərlər.İqtisadi, mədəni, hətta hərbi sahədə də bu dövlətlər arasında müəyyən müqavilələrin bağlanması mümkün ola bilər”.

E.Quliyev hesab edir ki, bu gün türkə düşmən olan dövlətlərə qarşı dayanmaq üçün bu təşkilat bizə uğur gətirə bilər. Eyni zamanda təşkilat dünyada bir çox yerlərdə əzilən, hüquqları pozulan türklərin səsini dünyaya çatdırmaq və problemlərinin həllində öz tövhələrini verməlidir. Onun fikrincə, Zirvə toplantısında qurulan əlaqələr, əməkdaşlıqlar gələcəkdə türk dövlətlərinin əlaqələrində “Şengen Dövlətləri” formatını da yarada bilər. Yəni türk dövlətləri ilə sərhədlərin açıq olması, vizasız gediş-gəlişlər, gömrük vergilərindən azad olunma, yeni texnologiyalardan birgə istifadə, təhsil sahəsinə diplomların bu üzv dövlətlərdə tanınması və sair uğurlu addımlar atıla bilər.

VIII Zirvə toplantısında sədrliyin Azərbaycandan, Türkiyəyə keçdiyini vurğulayan E.Quliyev bildirib ki, Türkiyə güclü bir türk dövləti kimi bu prosesdə öz rolunu oynayacaq. “Bu türk dövlətləri bir-birinin gücündən istifadə edib, maddi-mədəni, tarixi, turizm əlaqələrini genişləndirməklə, dilimizi, ləhcələrimizi də yaxınlaşdıracaq. Getdikcə, bütün türklər bir-birini daha yaxşı anlayacaq”