Keniyanın paytaxtı Nayrobidə zibillik kimi istifadə edilən köhnə karxanada parçalanmış qadın cəsədləri tapıldıqdan sonra bir nəfər saxlanılıb.
Hafta.az-ın yazdığına görə, polisin verdiyi açıqlamada, nəzarətə götürülən 33 yaşlı Kollinz Cumaysi ifadəsində həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf etdiyi bildirilib.
İndiyədək 9 cəsədin tapıldığı açıqlansa da, İstintaq Şöbəsinin rəisi Amin Məhəmməd, karxananın yaxınlığındakı Mukuru rayonunda yaşayan serial qatilin qadınları aldadaraq tələyə saldığını və öldürdükdən sonra qalıqlarını da karxanaya atdığını bildirib. Amin Məhəmməd bildirib ki, Cumaysi ilk olaraq həyat yoldaşını 2022-ci ildə öldürüb, sonuncu qətli isə iyulun 11-də törədib.
Polis Cumaysinin evində axtarış zamanı çoxlu mobil telefonlar, şəxsiyyət vəsiqəsi, pala, rezin əlcəklər, qadın paltarları, lentlər və onlarla neylon kisələrin tapıldığını açıqlayıb.
Açıqlamada qətlə yetirilən qadınların yaşlarının 18-30 arasında olduğu, hamısının eyni şəkildə öldürüldüyü, tapılan cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT testlərinin aparılacağı bildirilib.
Dindirilməsi davam edən Kollinz Cumaysi sabah məhkəmə qarşısına çıxacaq.