“Biz avqustun 1-dən sərhədimizin mühafizəsi funksiyalarını müstəqil şəkildə yerinə yetirəcəyimizi Rusiya tərəfinə bildirdik”.
Hafta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə bugünkü görüşündə Rusiya sərhəd qoşunlarının "Zvartnots" hava limanından çıxarılması ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, Ermənistan Respublikası Sərhəd Qoşunlarının komandanlığı Rusiya tərəfdən olan həmkarlarına məktub göndərərək bu barədə məlumat verib və bu məktub ilk növbədə təşəkkür məktubudur. Baş nazir vurğulayıb ki, bunda geo-siyasi yanaşmalar axtarmağa ehtiyac yoxdur.
Gələcəkdə müharibə riskinin olub-olmaması ilə bağlı suala gəlincə, Paşinyan deyib:
“Müharibə olmamalıdır, çünki biz sülhə doğru gedirik və burada hazır olub-olmamağımızın heç bir əhəmiyyəti yoxdur. Müharibəyə hazırlaşmaq çox geniş anlayışdır: hansı müharibə? Bu gün müharibəyə kim hazırdır? Bunlar məxfi şəkildə müzakirə edilməli olan məsələlərdir. Bizim siyasətimiz ondan ibarətdir ki, müharibə olmasın”.