Binəqədi Rayon İcra Hakimiyyətində "ASAN Könüllüləri Gənclər Təşkilatı" ictimai birliyinin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlayacaq üzvləri ilə görüş keçirilib. "Həftə içi"nin verdiyi xəbərə görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladıqları işdə uğurlar arzulayıb.
Başçı eyni zamanda, ölkə başçısının tapşırığı ilə yaradılmış "ASAN xidmət"in ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışaraq, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirib.
Xaləddin İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış "ASAN xidmət" mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğulayıb. Çıxışda "ASAN Könüllüləri"nin I Ümumrespublika Forumunun keçirilməsi və prezident İlham Əliyevin tədbirdəki çıxışının öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimul yaratdığı xüsusi qeyd edilib.
"ASAN xidmət" mərkəzinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev yerli icra hakimiyyətləri ilə əməkdaşlığın ilk olaraq Binəqədi rayonu ilə başladığını vurğulayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında "ASAN Könüllüləri"nin artıq ikinci qrupunun təcrübə keçəcəyini bildirib. Görüşdən sonra könüllü gənclər Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binaları ilə tanış olublar. İyulun 6-dan etibarən 13 nəfər gəncdən ibarət "ASAN Könüllüləri" Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayaraq, peşə ixtisaslarına uyğun olaraq aidiyyəti şöbələrə istiqamətləndiriliblər.