Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukrayna cəbhədəki müharibədə heç vaxt qalib gələ bilməz, buna görə də Avropa Birliyinin Ukrayna strategiyası iflasa uğrayıb.
Hafta.az-ın Euronews-a istinadən yazdığına görə, Avropa İttifaqı sammitində çıxış edən Orban deyib: "Bu gün hamı bilir, amma yüksək səslə deməyə cəsarət etmirlər: bu strategiya iflasa uğradı. Bunun nəticə verməyəcəyi aydındır. ...Ukraynalılar cəbhədə qalib gəlməyəcək”.
Orban çıxışında Ukraynanı dəstəkləmək üçün “böyük mübarizə” getdiyini, lakin macar xalqının vergi pullarını Ukraynaya göndərməyə heç bir səbəb görmədiyini bildirib.
İttifaqın Ukrayna ilə bağlı B planına ehtiyacı olduğunu bildirən Orban bunun xərci ilə bağlı təxmin edilməli olduğunu vurğulayaraq, “Bunun neçəyə başa gəldiyini öyrəndikdə bu yükü öz aramızda paylaşa bilərik” bildirib.
Avropa İttifaqının dekabrda keçiriləcək sammitində 2021-2027-ci illər üçün 1,1 trilyon avroluq büdcəyə yenidən baxılması gündəmdə olacaq. Bununla belə, büdcə “Kovid 19” pandemiyası zamanı çəkilmiş fövqəladə xərclər səbəbindən və 2022-ci ildə Rusiya Ukraynanı işğal etdiyi üçün böyük təzyiq altındadır.
Avropa Komissiyası üzv ölkələrin ümumi xəzinəyə daha çox töhfə verməsini təklif edir ki, Ukraynaya 50 milyard avro, miqrasiyaya isə 15 milyard avro ayrılsın. Digər təklif Ukraynaya 20 milyard avroluq hərbi yardımın ayrılmasını nəzərdə tutur.
Amma problem, Orbanın fikrincə, Brüsselin Ukraynaya kömək üçün pul və hərbi yardım göndərmək strategiyasının uğursuzluğundadır.
Qeyd edək ki, Orban keçən həftə Çində keçirilən “Kəmər Yolu” layihəsi forumunda iştirak edərkən Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşlə bağlı Orbanın ofisi Rusiya ilə enerji əməkdaşlığı və sülh məsələlərinin müzakirə edildiyini açıqlayıb, Kreml isə “Avropanın bir çox ölkəsi ilə əlaqələri inkişaf etdirməyimiz sevindiricidir” deyib.
Orban həmçinin müharibə vəziyyətində olan Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olacağına işarə edir.