"Azərbaycanla əməkdaşlıq üçün yeni istiqamətləri araşdırırıq"

14:19 19.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində müxtəlif üzv dövlətlərlə, o cümlədən Azərbaycanla məhsuldar müzakirələr apardıq və əməkdaşlıq üçün yeni istiqamətləri nəzərdən keçirdik. Xidmətlərin rəqəmsallaşdırılması, innovasiya, kosmik texnologiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarını araşdırırıq.

Hafta.az xəbər verir ki, bu barədə mediaya açıqlamasında Ruandanın İnnovasiya və İKT Nazirliyinin daimi katibi Yves İradukunda deyib.

Yves İradukunda Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişaf Konfransında (WTDC-25) iştirakından məmnunluğunu bildirib:

Ruandalı qeyd edib ki, ilk dəfə Azərbaycana səfər edir və konfransın yüksək səviyyədə təşkil olunması xüsusilə diqqət çəkir. “Bakıda keçirilən WTDC-25 həm iştirakçı sayı, həm təşkilati işlərin peşəkarlığı, həm də müzakirələrin məzmunu baxımından çox təsiredicidir. Azərbaycanı belə bir mühüm tədbirə ev sahibliyi etməsinə görə təbrik edirəm”.

Yves İradukunda əlavə edib ki, konfrans iştirakçılar üçün geniş dialoq və öyrənmə imkanı yaradır:

“Hamımızın məqsədi rəqəmsal transformasiyanın heç kimi kənarda qoymamasıdır. Bunun üçün həm universal bağlantının təmin edilməsi, həm də mövcud problemləri həll edə biləcək innovativ həllərin yaradılması vacibdir”.

Yves İradukunda Azərbaycanın qonaqpərvərliyinə görə təşəkkür edib və konfransın növbəti günlərində yeni müzakirələr və təcrübə mübadiləsi üçün geniş imkanların olacağını bildirib.