"Bölgədəki gərginlik neftin qiymətində artımla müşahidə olunacaq"- İqtisadçı

12:36 08.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İran və ABŞ arasında yaranan gərginliklə bağlı ehtimal olunur ki, qızıl və neftin qiymətində artım olacaq. İqtisadçılar hesab edir ki, bu artım Azərbaycan dövlətindən də yan keçməyəcək.

Maraqlıdır ki, bu kimi gərginlikdən sonra qızılın və neftin dünya bazarında qiymətinin artması Azərbaycan istehlak bazarına necə təsir edəcək?

Bu barədə hafta.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli dedi ki, qızılın qiyməti bir qədər arta bilər. Bu daha çox psixoloji amillə bağlıdır. Yəni İranla ABŞ arasında olan münaqişə və tətil amili:

“Artıq günlər keçdikcə İran və ABŞ arasındakı münasibətlər daha ciddi xarakter almağa başlayıb. İranın hərbi qüvvəsi Amerikanın hərbi bazalarına zərbələr endirməsi bir çox sahələrdə öz təsirini göstərəcək, ciddi fərqliliklər yaradacaq. İki dövlətin belə gərgin münasibəti qarşıdakı günlərdə neftin qiymətində artımlarla müşahidə olunacaq. Birjalarda təlabat artacaq. Neftə təlabat artıqca qiymətlərə də təsirsiz ötüşməyəcək. Hətta daha ciddi lokal müharibə olsa bu artımı çox rahatlıqla görə biləcəyik. Azərbaycan daxilində qiymətlərin qalxması əsasən dünya bazarı ilə əlaqəli deyil.  Çünki ölkə mütəmadi özü istehsal edə bilir. Azərbaycanda qiymətlərin bahalaşmasına ciddi amil İrandan gözlənilən miqrant axını səbəb ola bilər. Başqa hallarda İran və ABŞ arasında yaşanan bu gərginlik Azərbaycanın daxili iqtisadiyyatında - istehsal və istehlak prosesində ciddi rol oynaya bilməz”.